Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı və medallar üçün mükafat fondu hələ müəyyənləşməyib.
Olimpnews.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov mayın 12-də jurnalistlərə açıqlamasında deyib.
A.Rəhimov bildirib ki, Olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların məbləğini Azərbaycan Prezident İlham Əliyev təyin edəcək. Mükafatın məbləği iyulda ölkə başçısının imzalayacağı Sərəncama əsasən müəyyənləşəcək.
Nazir "Formula-1” üzrə Avropa Qran-prisində tras kənarlarında yerləşən evlərin eyvanlarının icarəyə verilməsinə də münasibət açıqlayıb: "Qanun buna icazə verir və icarə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Əgər xalqımızın nümayəndələri pul qazana bilirsə, niyə də olmasın?”, – deyə Azad Rəhimov sözlərinə əlavə edib.