Dmitri Sablin: “Ən yaxşı formada olan kanoeçi olimpiadaya aparılacaq” - MÜSAHİBƏ

Dmitri Sablin: “Ən yaxşı formada olan kanoeçi olimpiadaya aparılacaq” - MÜSAHİBƏ

Azərbaycanda yaradılan idman infrastrukturu atletlərimizin beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına şərait yaradıb. Ölkəmizin idmançıları müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarında əldə etdikləri uğurlarla xalqımıza sevinc bəxş ediblər.

Şübhəsiz ki, planetin ən nüfuzlu yarışı Olimpiya Oyunları sayılır. Dördilliyin zirvə yarışında Azərbaycan atletləri medalların sayını artırır, üçrəngli bayrağımızın dəfələrlə yüksəklərdə dalğalandırılmasına zəmin yaradırlar. 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında ölkəmizin təmsilçiləri 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazandılar. Azərbaycan bu yarışlarda iştirak edən 205 ölkə arasında 30-cu yeri tutdu.

Dördilliyin növbəti zirvə yarışına - Rio-de Janeyro 2016 Yay Olimpiya Oyunlarına az vaxt qalıb. Olimpiada ərəfəsində idmançılarımız bir sıra təlim-məşq toplanışları və lisenziya xarakterli yarışlarda iştirak edirlər.

"Olimpiya dünyası” qəzeti olaraq, Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızla, həmçinin onların məşqçiləri ilə müsahibələr, digər səpkili yazılar hazırlamağı nəzərdə tutmuşuq. "Rio-2016” rubrikası altında dərc edəcəyimiz yazılarda oxucular olimpiadaya lisenziya qazanan idmançılarımızı, eyni zamanda, məşqçilərimizi daha yaxından tanıyacaqlar.

Rubrikamızın budəfəki qonağı Azərbaycanın kayak və kanoe üzrə milli komandasının yeni baş məşqçisi Dmitri Sablindir. Qeyd edək ki, ukraynalı yeni baş məşqçi Avropa və dünya çempionudur. 37 yaşlı mütəxəssis yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub. Təcrübəli mütəxəssislə Mingəçevirdə keçirilən Beynəlxalq "Prezident Kuboku” reqatasında görüşdük və ətraflı söhbət etdik.

"Ən güclü kayak və kanoeçilərlə çıxış etdiyimizi nəzərə alsaq, turnirdə qələbə qazanmağa layiq idik”

- Yeni mövsümün ilk yarışı Mingəçevirdə keçirilən Beynəlxalq "Prezident Kuboku” reqatası oldu. Yeni mövsümə hazırlığı necə qiymətləndirirsiniz?

- Mövsümə gərgin məşqlərlə başladıq. Yarışda iştirak edən idmançılarımızın hamısı yaxşı çıxış edib məni sevindirdilər. Onlar medalçılar sırasında qərarlaşdılar. Şübhəsiz ki, belə də olmalı idi. Çünki ən güclü kayak və kanoeçilərlə çıxış etdiyimizi nəzərə alsaq, turnirdə qələbə qazanmağa layiq idik. Gələcək planlarımızda böyüklər, 23 yaşınadək kayak və kanoeçilər arasında Avropa, dünya çempionatları, Dünya kuboku mərhələləri və təbii ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları var. Bu yarışlarda ilk dəfə komanda qayıqlarında çıxış edəcəyik. İndiyədək demək olar ki, yığma üzvləri bir və iki nəfərlik qayıqlarla yürüşlərdə iştirak etmişdilər. İdmançıların fərdi səviyyəsini də yoxlamaq istərdik. Avarçəkənlər "Prezident Kuboku”ndan sonra bir müddət istirahət edəcəklər. Sonra yenidən məşqləri bərpa edəcəyik.

- Hələlik kayak və kanoe növündə 2 idmançımız Rio-2016-ya 3 lisenziya qazanıb. Təmsilçilərimizin növbəti lisenziyaları əldə etməsi mümkün olacaqmı?

- Bəli. Mayın 16-19-da Almaniyanın Duysburq şəhərində Rio-2016-ya lisenziya xarakterli Avropa təsnifat reqatası keçiriləcək. Reqatada 2 idmançımız iştirak edəcək. Aleksey Kupin 1 nəfərlik kanoe qayığı ilə 1000 metr, Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüş edəcək. Bu yarışda ən azı, 1 lisenziya əldə etməyi planlaşdırırıq. Düzdür, təsnifat reqatasında yalnız ilk iki yeri tutanlara lisenziya veriləcək. Ümid edirəm ki, təmsilçilərimiz həmin iki nəfərin arsında olacaqlar.

- Bəs Beynəlxalq "Prezident Kuboku” reqatasının qalibi olan Tamerlan Mustafayevin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- Tamerlan Mustafayevin Olimpiya lisenziyalı reqatalarda iştirakı hələ tezdir və o, öz üzərində daha çox işləməlidir. Bu idmançı 23 yaşınadək kayakçıların Avropa və dünya çempionatlarında çıxış edəcək. Hələlik Tamerlanın hazırlıq səviyyəsi böyüklərlə birlikdə mübarizə aparmağa imkan vermir.

"Kupin 1000 metr məsafəyə yürüşlərdə məşq vaxtı yaxşı nəticələr göstərir”

- Demək, ilkin məqsədiniz növbəti lisenziyalar əldə etməkdir...

- Hazırda əsas məqsədimiz məhz budur. Kupin 1000 metr məsafəyə yürüşlərdə məşq vaxtı yaxşı nəticələr göstərir. O, "Prezident Kuboku”nda da yaxşı çıxış etdi. Ümid edirik ki, bu idmançı Rio-2016-ya lisenziya qazana biləcək.

- Əvvəllər Aleksey Kupin Sergey Bezuqlı ilə birgə 2 nəfərlik kanoe qayıqlarında çıxış edirdi. Belə çıxır ki, əslində Kupin 1 nəfərlik qayıqla mübarizə aparmalı idi...

- Ola bilsin. Mənim fikrimcə, Kupin 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə lisenziya qazana bilər. Çünki hazırda o, əvvəlki vaxtlarından daha güclüdür.

- 2012-ci il London Olimpiadasında Sergey Bezuqlı - Maksim Prokopenko cütlüyü Olimpiya medalı qazanmağa çox yaxın idi. Bəs bu dəfə mükafatçılar sırasına düşmək mümkün olacaqmı?

- Hazırda kayakçı İnna Osipenko-Radomskaya yaxşı hazırlıqlıdır. Kanoeçi Valentin Demyanenko da məşq edir. Görək, Dünya kubokunun ilk 2 mərhələsində necə çıxış edəcəklər. Hər şeyi bu reqatalar göstərəcək. Medal ümidlərimiz bu iki idmançıyadır.

- Amma I Avropa Oyunlarında gümüş medal qazanan Demyanenkodan fərqli olaraq, Osipenko-Radomskaya nə 500 metr, nə də 200 metr məsafəyə yürüşlərdə mükafatçılar sırasına düşdü...

- Osipenko-Radomskaya bir qədər gec- müəyyən dövrdən sonra məşqlərə başlamışdı. Medalsız qalmasını da bununla əlaqələndirərdim. Hazırda isə o, daha hazırlıqlıdır. Avropa Oyunlarından sonra İnna dünya çempionatında layiqli mübarizə apararaq, iki lisenziya qazandı. Mükafatçılar sırasına düşə bilməsə də, birinci pillənin sahibindən bir neçə saniyə geri qaldı. Fikrimcə, o, Rio-2016-dan medalla qayıdacaq.

- Çox az fərq deyirsiniz. Amma nəzərə almaq lazımdır ki, 200 metr məsafədə qələbəni santimetrlər müəyyənləşdirir...

- Bəli, bu, sprinter məsafəsidir. Lakin şəxsi məşqçisi Dmitri Radomskaya İnnanın üzərində çox işləyir. İnna böyük səylə hazırlaşır və Ukrayna yığmasından sonra Azərbaycan millisində də Olimpiya medalı qazanmaq istəyir. Ümidvaram ki, belə də olacaq.

- Oğlunuz Mikita Sablin də Azərbaycan yığmasındadır. O da "Prezident Kuboku”nda mükafatçılar sırasında idi...

- Mikita Rio-2016-ya yollanmaq üçün Valentin Demyanenko ilə mübarizə aparacaq. Kanoedə lisenziyanı Demyanenko qazansa da, vəsiqə ölkəyə verilir. Bu səbəbdən, ən yaxşı formada olan kanoeçi olimpiadaya aparılacaq. Bəlkə elə alındı ki, olimpiadaya mənim oğlum getdi (gülür). O da yaxşı hazırlaşır və öz üzərində çox işləyir.

Rahib Səmədov,
Bakı-Mingəçevir-Bakı