Rio-2016 Olimpiadasını ləğv etməyə əsas yoxdur

Rio-2016 Olimpiadasını ləğv etməyə əsas yoxdur

Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, Braziliyada geniş yayılan Zika virusu bu ölkədə keçiriləcək XXXI Yay Olimpiya Oyunlarını ləğv etmək və ya onun yerini dəyişmək üçün səbəb ola bilməz. Ekspertlər güman edirlər ki, bu cür qərar beynəlxalq səviyyədə virusun yayılma dinamikasını mahiyyətcə dəyişməyəcək.

DST-nin bəyanatında deyilir: "Braziliya bu gün ağcaqanad sancması ilə yayılan Zika virusunun yayılması barədə məlumatın daxil olduğu 60 ölkədən biridir. İnsanlar müxtəlif səbəblərə görə bu ölkəyə səfərlərini davam etdirirlər. Bu xəstəliyin yayılma təhlükəsini məhdudlaşdırmağın ən yaxşı yolu səfərlə əlaqədar tibbi-sanitar tövsiyələrə əməl olunmasındadır. Dünyanın bir çox ölkəsində Zika virusunun yayılmasını nəzərə alaraq ictimai rəy əsasında Rio-2016 Olimpiadasını təxirə salmaq və ya ləğv etmək üçün əsas yoxdur”.

DST-nin saytında Olimpiya Oyunlarına gəlmək niyyətində olanlar üçün tövsiyələr yerləşdirilib. Məsələn, onlara bədəni maksimal dərəcədə örtən açıq rəngli geyimdən də həşəratlara qarşı vasitə kimi istifadə etmək təklif olunur. Həkimlər Braziliyada Olimpiadaya hazırlaşanlara kondisionerli yaşayış yeri seçməyi, habelə su kəməri və ya adekvat sanitariya texnikası olmayan yerlərdə qalmamağı tövsiyə ediblər.