Boksçumuz Rio-2016-ya lisenziya qazandı

Boksçumuz Rio-2016-ya lisenziya qazandı

Bakıda keçirilən Rio-2016 boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin yeddinci günü də Azərbaycan boksçuları üçün qənaətbəxş yekunlaşıb.

Olimpnews.az saytının məlumatına görə, yarımfinala gedən yolda Azərbaycan millisinin üç boksçumuzdan ikisi rinqə çıxıb.

Günün ikinci yarısında mübarizəyə qoşulan Olimpiya mükafatçımız Teymur Məmmədov dörddəbir finalda döyüşündə mərakeşli boksçu Hassan Saadanı ilə qarşılaşmalı idi. Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün Teymur Məmmədov qalib elan olunub və yarımfinala yüksəlib. Bununla atletimiz Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirib. Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Xatırladaq ki, yarış gününün günorta proqramında 75 kiloqram çəkidə mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı dörddəbir final döyüşünü keçirib. K.Şahsuvarlının rəqibi Bakı-2015 ilk Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub. İlk iki raundda hakimlər O Rillini, sonuncuda isə K.Şahsuvarlını üstün sayıblar. Yekun nəticədə isə K.Şahsuvarlı 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. İstənilən halda, boksçumuz Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, K.Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı beşincı yerdə tamamlayacaq. Bu da reqlamentə uyğun Rio-2016-ya vəsiqə deməkdir.

Bu gün isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu Rio-2016-ya lisenziya əldə etmiş olacaq.

Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək. Turnirə iyunun 25-də yekun vurulacaq.