Rio-2016: birlikdə güclüyük

Rio-2016: birlikdə güclüyük

Bu gün Milli Olimpiya Komitəsində (MOK) ölkəmizdə Olimpiya idman növləri üzrə fəaliyyət göstərən bütün milli İdman federasiyaları ilə görüş keçirildi. Olimpnews.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, XXXI Yay Olimpiya Oyunlarının Azərbaycan üzrə şef-de-missionu İlham Mədətov, federasiya rəhbərləri, rəsmi qonaqlar və KİV nümayəndələri iştirak edirdi. Görüşdə əsas məqsəd federasiyaları "Olimpiya Gündəliyi 2020” və "Rio-2016 Olimpiya Oyunları” zamanı tətbiq ediləcək yeni marketinq siyasəti ilə yaxından tanış etmək idi.

Çingiz Hüseynzadə çıxış edərək Beynəlxalq Olimpiya Komitəsinin qəbul etdiyi son dəyişiklər barədə məlumat verdi: "Beynəlxalq qurumun iş fəaliyyətində baş verən yeniliklər Milli Olimpiya komitələrindən yan keçə bilməzdi. BOK-un qəbul etdiyi "Olimpiya gündəliyi-2020” proqramına əsasən, brendlərdən istifadə qaydalarına xüsusi diqqət yetirilib. Bunun üçün Milli Olimpiya komitələrində Marketinq Departamentinin yaradılması məqsədəuyğun sayılıb. Azərbaycan Milli Olimpiya Komitəsində də həmin departament artıq fəaliyyətə başlayıb. Beynəlxalq qurum brenddən istifadə qaydalarının bir qismini yerli komitələrə həvalə edib. Proqramda yer alan əsas məqamlardan biri də "təmiz idman”dır. Buna əsasən, Olimpiya Oyunlarında dopinqdən istifadə etməyən idmançıların iştirakı bir daha önə çəkilir. Rusiya atletika yığması dopinqə düşdüyü üçün Rio-2016-dan uzaqlaşdırılıb. Təəssüf ki, dopinq problemi Azərbaycan yığmasından da yan keçməyib. Ağır atletlərimiz "Rio-2016”da iştirak hüququndan məhrum edilib”.

"Olimpiya gündəliyi-2020”də yer alan əsas mövzulardan birinin də "İdman və ekologiya” olduğunu diqqətə çatdıran vitse-prezident bu istiqamətdə ölkəmizdə görülən işləri yüksək qiymətləndirdi: "Bu istiqamətdə görülən ən uğurlu addım Bakı Olimpiya Stadionunun inşasıdır. Əvvəllər həmin ərazi ekoloji cəhətdən yararsız vəziyyətdə idi. Ancaq indi azarkeşlər oraya rahatlıqla gəlib istirahət edə bilirlər. London-2012-də də Olimpiya parkı yararsız ərazidə salınmışdı. Hazırda həmin məkan turistlərin ən çox sevdiyi məkanlardan biridir”.

Proqramda gender probleminə də xüsusi diqqət yetirildiyini vurğulayan Çingiz Hüseynzadə bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm irəliləyişlər var. Qeyd olunub ki, Azərbaycanda bəzi idman federasiyalarına qadınlar rəhbərlik edirlər. Həmçinin qadınlar idman qurumlarında yüksək vəzifələrdə yer alıblar. MOK-un İcraiyyə Komitəsinin üzvlərindən dördü qadındır.

Çingiz Hüseynzadə Azərbaycan olimpiyaçılarının Rio-2016 Olimpiasında uğurla çıxış edəcəyini vurğuladı: "Olimpiadada yığma komandamızdan uğurlar gözləyirik. Son illər ənənələrimizi davam etdiririk. Yəni, Olimiya Oyunlarında medallarımızın sayın artırırıq. Ümid edirik ki, Rio Olimpiadasında uğurlu çıxış edəcəyik. London-2012-də əldə etdiyimiz uğurları, ən azı, Rio-de Janeyroda təkrarlayacağıq. Şəxsən mən düşünürəm ki, Braziliyada 12-13 medal qazana bilərik. Əlbəttə, ondan da artıq ola bilər.

Rio Olimpiadası çətin olacaq. Çünki Braziliyanın iqlim şəraiti tamam fərqlidir. İdmançılarımızın uyğunlaşma prosesi asan olmayacaq. Bildiyiniz kimi, orada hazırda qış mövsümüdür. Bundan başqa, ölkəmizlə Braziliyanın saat fərqi çoxdur. Ümid edirəm ki, bu olimpiada bizim üçün uğurlu olacaq. Hazırda bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Bu, respublikamızda idman infrastrukturunda aparılan islahatların, çoxsaylı idman qurğularının tikintisi ilə bağlıdır”.

Tədbir başa çatdıqdan sonra KİV-ə müsahibə verən MOK-un vitse-prezidenti ölkəmizin bayraqdarının da adını açıqladı. "Olimpiadının açılışına 1 həftə qalmış bayraqdarın adını rəsmi şəkildə elan edəcəyik. Düşünürük ki, Rio Olimpiadasında Azərbaycan millisinin bayraqdarı Teymur Məmmədov olacaq. Lakin hələlik yekun qərar verilməyib. Qeyd edim ki, Avropa Oyunlarını təşkilatı baxımdan Olimpiya Oyunları səviyyəsində keçirdik. Şübhəsiz ki, Olimpiya Oyunlarında mübarizə aparan idmançıların sayı və səviyyəsi Avropa Oyunlarında iştirak edən idmançılardan fərqlənir. Adətən Olimpiya Oyunlarında 200-dən artıq dövlətin atletləri iştirak edir. Amma Avropa Oyunlarında bu tam fərqlidir. Bizim əsas məqsədimiz Oimpiadada ilk 30-luğa düşməkdir. Xatırlayırsınızsa, London-2012-də bu nəticəni əldə etmişdik. Ümid edirəm ki, Rio-2016-da bunu bir daha təkrarlayacağıq”, - deyə Çingiz Hüseynzadə əlavə etdi.

XXXI Yay Olimpiya Oyunlarının Azərbaycan üzrə şef-de-missionu İlham Mədətov Rio-2016-ya hazırlığa 2015-ci ilin yanvarından start verildiyini və heyətin 95 faizinin artıq qeydiyyatdan keçdiyini vurğuladı: "Olimpiyaçılarımız üçün geyim dəsti İtaliya şirkəti tərəfindən hazırlanır və yaxın günlərdə ölkəmizə gətiriləcək. "Zika” virusu ilə bağlı heç bir problemimiz olmayacaq. Geyim dəstində əsasən uzunqol geyimlərin hazırlanması nəzərdə tutulub. Həmçinin idmançılara Braziliyada olarkən qapalı geyinmək məsləhət görülür. İdmançılara xüsusi preparatlar da təqdim olunacaq ki, bu da virusa yoluxma riskini azaldacaq”.

Nümayəndə heyətinin avqustun 1-də bir qrup idmançı ilə birgə Braziliyaya yollanacağını bildirən İlham Mədətov atletlərimizin yarış proqramına uyğun olaraq, Rio-de-Janeyroya gələcəyini qeyd etdi.

Sonra jurnalistlərin sualları cavablandırıldı.