Braziliya rəsmisi müraciət edib

Braziliya rəsmisi müraciət edib



Braziliya Prezidentinin səlahiyyətlərini icra edən Mişel Temer turistləri və idmançıları Rio-2016 Yay Olimpiya və Paralimpiya Oyunları zamanı Zika virusuna yoluxmaq təhlükəsindən ehtiyat etməməyə çağırıb.

"Olimpnews.az” xəbər verir ki, bu barədə Rio-2016 Olimpiya Oyunları Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib.

"Son vaxtlar virusa yoluxmaq təhlükəsi barədə lazımsız söz-söhbət gəzir. Ümumdünya Səhiyyə Təşkilatının adından tam əminliklə deyə bilərəm ki, olimpiada dövründə Zika virusuna yoluxma riski sıfıra bərəbərdir. Təhlükənin qarşısının alınması üçün bütün mümkün tədbirlər görülüb. Braziliyanın qapıları idmançıların və turistlərin üzünə açıqdır”.

Qeyd edək ki, Braziliya Səhiyyə Nazirliyi 2015-ci ilin noyabrında xəbərdarlıq edib ki, hamiləlik dövründə Zika virusuna yoluxma baş verdikdə uşaqlar anadangəlmə qüsurla doğulurlar. Yəni belə uşaqların beyni çox balaca olur və onlarda əqli zəiflik, eşitmə və görmə qüsurları müşahidə olunur. Virusun daşıyıcıları Aedes aegypti adlı ağcaqanadlardır. Xəstəliyin ilk əlamətləri tempraturun yüksəlməsi, üşütmə, baş ağrısı, əzələ və oynaqlarda ağrı ilə müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatı fevral ayının 1-dən Cənubi və Şimali Amerikada Zika virusunun yayılmasını beynəlxaq səhiyyə üçün fövqəladə hal elan edib.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunları bu il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Paralimpiya Oyunları isə sentyabrın 7-18-də təşkil ediləcək. Bu, Cənubi Amerikada keçiriləcək ilk olimpiada kimi tarixə düşəcək.


"Olimpnews.az”