Gümüş və bürünc medallar kimə qismət olacaq?

Gümüş və bürünc medallar kimə qismət olacaq?



Rabitəçilər bu dəfə də rəqibə güzəştə getmədilər

Super-liqada XXVII turun oyunları keçirilib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Lokomotiv Biləcəri” "Rabitə”  komandasını qəbul edib. "Rabitəçilər” vaxtından əvvəl çempion olduğu üçün bu oyunda xal qazanmaq meydan sahiblərinin xeyrinə yarıyırdı. Çünki komanda qalib gələcəyi təqdirdə sonuncu pillədən uzaqlaşmış olardı. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunmuş hər üç oyunda "Rabitə” 3:0 hesabı ilə qalib gəlib. Onların bu oyunda da qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Çünki Marçello Abbondanzanın yetirmələri rəqibindən kifayət qədər güclüdür. Oyuna da elə "Rabitə” komandası fəal başlayıb. Birinci hissədə üstünlüyə yiyələnən çempion rəqibini 6 top fərqi ilə məğlubiyyətə uğradıb. İkinci hissəyə də "rabitəçilər” fəal başlayıb. Onlar bu dəfə meydan sahiblərini daha çox top fərqi ilə məğlub edib - 25:15. Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəlib. "Rabitə” bu hissədə də rəqibindən üstün oyun nümayiş etdirərək qələbəni bayram edib. Beləliklə, komanda vaxtından əvvəl çempion olmasına baxmayaraq, rəqibə güzəştə getməyib. Super-liqanın qızıl medalları öz sahibini tapdığından sona iki tur qalmış əsas mübarizə gümüş və bürünc medallar uğrunda gedirdi. Buna görə turnir cədvəlinin ikinci və üçüncü pilləsində qərarlaşmış komandalar "Lokomotiv” və "Azərreyl” arasında mübarizənin daha kəskin gedəcəyini hamı gözləyirdi. Çünki itiriləcək hər hansı bir xal bu komandalardan ikisindən birini çətin vəziyyətə salacaqdı. Qeyd edək ki, bu komandalar arasında təşkil olunan birinci oyunda sevinən tərəf "Azərreyl” klubu olmuşdu. Onlar həmin görüşdə rəqiblərini 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. İkinci oyunda isə "Lokomotiv” rəqibindən üstün olmuşdu. Cüzeppe Kuçarinin yetirmələri rəqibini tay-brekdə məğlub edə bilmişdi. Üçüncü qarşılaşmada isə "Azərreyl” yenidən qələbəni bayram etmişdi. Bu oyuna qədər əldə olunan qələbələrin sayına görə "Azərreyl” rəqibini üstələyirdi. Onların bu görüşdə hansı nəticə göstərəcəyini isə qabaqcadan demək bir qədər çətin idi. Çünki, "Lokomotiv”ində gümüş medalları asanlıqla rəqibə vermək fikri yox idi. Oyuna gəldikdə isə qarşılaşmaya "Azərreyl” komandası fəal başladı. Meydan sahibləri rəqibini 25:18 hesabı ilə məğlubiyyətə uğratdılar. Xala-xal prinsipi ilə gedən ikinci hissəninin sonunda isə sevinən tərəf "Lokomotiv oldu. Cuzeppe Kuçarinin yetirmələri 2 xal fərqi ilə rəqibindən üstün oldu. Lakin onların bundan artığına gücü çatmadı. Ardıcıl olaraq üçüncü və dördüncü hissədə qalib gələn "Azərreyl” növbəti xalını qazanaraq gümüş medallar uğrunda mübarizəni davam etdirir.
Turun son oyununda isə "İqtisadçı” ilə "Bakı-Azəryol” komandası üz-üzə gəlib. Məlumat üçün bildirək ki, bu komandalar arasında keçirilən birinci oyunda sevinən tərəf universitet komandası olmuşdu. İkinci oyunda isə "tələbələr” "Bakı-Azəryol”un müqaviməti ilə üzləşmişdi. Belə ki, həmin oyunun birinci və ikinci hissəsində "Bakı-Azəryol” rəqibindən üstün olmuşdu. Üçüncü və dördüncü hissədə isə "İqtisadçı” komandası qalib gəlmişdi. Beləliklə, hər iki klub qalib komandanın adına aydınlıq gətirmək üçün tay-brekdə qüvvələrini sınayıblar. Bu hissədə isə "Bakı-Azəryol” rəqibinə nisbətən daha dəqiq oynayaraq qalib gəlmişdi. Bugünki görüşdə isə hansı komandanın qalib gələcəyini demək bir qədər çətin idi. Çempionatın sonuna bir tur qalmış komandalar turnir cədvəlində vəziyyətlərini çətinləşdirməmək üçün meydana qələbə əzmi ilə çıxmışdı. Qarşılaşmaya gəlincə universitet komandası birinci hissəyə fəal başladı. "Tələbələr” bu üstünlüyü sona qədər qoruyaraq qələbə qazandılar. İkinci hissədə də rəqibindən üstün oyun nümayiş etdirən "İqtisadçı” qələbəni bayram etdi. Üçüncü hissədə isə oyunun taleyinə aydınlıq gəldi. Universitet komandası bu hissədə də qələbə qazanaraq aktivinə 3 xal əlavə edib.
Sonuncu turda isə maraqlı oyunlar keçiriləcək. Günün ilk oyununda turnir cədvəlinin sonuncu pillələrində qərarlaşmış iki komanda üz-üzə gələcək. Belə ki, həmin görüşdə "Telekom” "Lokomotiv Biləcəri” komandasını qəbul edəcək. İkinci görüşdə isə "Lokomotiv”lə "İqtisadçı” komandası üz-üzə gələcək. Bu oyunda "Lokomotiv”in qalib gəlmək şansları rəqibinə nisbətən yüksək qiymətləndirilir. Çünki "dəmiryolçular” son görüşlərdə yaxşı oyun nümayiş etdirərək bütün diqqətləri özünə çəkə bilib. "İqtisadçı” klubu isə çempionat başlayanda liderliyə yüksəlsə də, bunu sonadək qoruya bilmədi. Klubda çoxlu məşqçi dəyişikliyi edildiyindən bu komandaya təsirsiz ötüşmədi. Bülənt Karslıoğlunun rəhbərliyi ilə komandada çempionatda yaxşı oyun nümayiş etdirməsinə baxmayaraq klub rəhbərliyi onu istefaya göndərdi. Onun əvəzinə komandaya tailandlı məşqçi Kiattiponq Radçataqrinkay gətirildi. Klub rəhbərliyi ona böyük ümid bəsləsə də, o, bunun öhdəsindən gələ bilmədi və tailandlı məşqçi də komandadan uzaqlaşdırıldı. Bir neçə məşqçi dəyişikliyi əlbəttə ki, komandaya öz təsirini göstərməyə bilməzdi. Buna görə, komanda ardıcıl olaraq vacib xallar itirdi və turnir cədvəlində öz vəziyyətini pisləşdirdi. Sonuncu turda isə onların hansı nəticə göstərəcəyini demək bir qədər çətindir. Çempionatın son oyununda isə "Rabitə” ilə "Azərreyl” qarşılaşacaq. "Dəmiryolçular” bu oyunda qalib gələcəyi təqdirdə çempionatın gümüş medallarına sahib çıxacaqlar.

23 aprel
XXVII tur

"Lokomotiv Biləcəri” - "Rabitə” - 0:3 (19:25; 15:25; 12:25)

Birinci oyun: "Rabitə” - "Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:15, 25:12)
İkinci oyun: "Lokomotiv Biləcəri” - "Rabitə” - 0:3 (15:25, 19:25, 20:25)
Üçüncü oyun: "Rabitə” - "Lokomotiv-Biləcəri” - 3:0 (25:10; 25:3; 25:14)

"Azərreyl” - "Lokomotiv” - 3:1 (25:18; 28:30; 25:22; 25:15)

Birinci oyun: "Lokomotiv” - "Azərreyl” - 1:3 (23:25, 25:23, 26:28, 20:25)
İkinci oyun: "Lokomotiv” - "Azərreyl” - 3:2 (25:21; 23:25; 25:23; 15:25; 15:7)
Üçüncü oyun: "Azərreyl” - "Lokomotiv” - 3:1 (25:20, 21:25, 25:19, 25:17)

"İqtisadçı” - "Bakı-Azəryol” - 3:0 (25:17, 25:21, 25:20)

Birinci oyun: "Bakı-Azəryol” - "İqtisadçı” - 0:3 (15:25, 25:27, 12:25)
İkinci oyun: "İqtisadçı” - "Bakı-Azəryol” - 2:3 (22:25, 23:25, 25:20, 25:23, 12:15)
Üçüncü oyun: "Bakı-Azəryol” - "İqtisadçi” - 0:3 (19:25, 15:25, 15:25)

26 aprel
XXVIII tur

14:00. "Telekom” - "Lokomotiv Biləcəri”
16:00. "Lokomotiv” - "İqtisadçı”
18:00. "Rabitə” - "Azərreyl”