XXXI Yay Olimpiya Oyunları bu gün başlayır

XXXI Yay Olimpiya Oyunları bu gün başlayır

2016-cı ilin ən böyük idman bayramı - XXXI Yay Olimpiya Oyunları bu gün başlayır. Yay Olimpiya Oyunları Braziliyanın Rio-de Janeyro şəhərində keçirilir. Olimpnews.az saytının məlumatına görə, bu, Cənubi Amerika qitəsində təşkil olunan ilk Olimpiya Oyunlarıdır. XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi "Marakana” stadionunda keçiriləcək.

Məlumat üçün bildirək ki, XXXI Yay Olimpiya Oyunlarında 206 ölkə mübarizə aparır. Oyunlarda qalib adı uğrunda 10 500 atlet 33 növdə qüvvəsini sınayacaq. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunur. Atletlərimiz 18 idman növündə yarışacaqlar.

Qeyd edək ki, Rio Olimpiadasının ilk yarış günündə millimizin heyətində 1 idmançı qüvvəsini sınayacaq. Kamandan oxatanımız Olqa Senyukun təmsil olunacağı növdə artıq püşk də atılıb. Təmsilçimiz bu gün B qrupunda hədəf önünə keçəcək. O, 19-cu zolaqda çıxış edəcək.
Kamandan oxatmada qadınların fərdi yarışlarının təsnifat mərhələsi Bakı vaxtı ilə 20:00-da başlayacaq. Burada 1/32 finalda yarışacaq cütlüklər müəyyənləşəcək.

Yarışın mükafatçıları avqustun 6-da bilinəcək.