Rio-de-Janeyroda cüdoçularımıza sertifikatlar verildi

Rio-de-Janeyroda cüdoçularımıza sertifikatlar verildi

Rio-de Janeyrodakı Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında XXXI Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılması mərasimi təşkil olunub.

Olimpnews.az saytının məlumatına görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, şef-de-mission İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər.

İlham Mədətov Azərbaycana ilk gümüş medalı qazandırdığına görə Rüstəm Orucova təşəkkürünü bildirib. O vurğulayıb ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olacaq, onlara qələbə əzminin artmasında böyük ruh yüksəkliyi verəcək.

Sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Rio-2016 Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.