Rio-2016: Lorenzo Sotomayor və Teymur Məmmədov növbəti mərhələdə

Rio-2016: Lorenzo Sotomayor və Teymur Məmmədov növbəti mərhələdə

Olimpiya Oyunlarında boks yarışları davam edir. Olimpnews.az saytının məlumatına görə, daha 4 təmsilçimiz rinqə çıxıb.

Təmsilçilərimizdən ilk olaraq rinqə Cavid Çələbiyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/16 finaldan başlayıb. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. 1:2 hesabı ilə məğlub olan Cavid çıxışını başa vurub.

64 kq çəkidə mübarizə aparan Lorenzo Sotomayor da Olimpiadaya 1/16 finaldan qoşulub. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb (3:0). Bu nəticə ilə boksçumuz 1/8 finala vəsiqə qazanıb.

Pərviz Bağırov 69 kq-da çıxış edib. Dünya çempionatının bürünc, Avropa Oyunlarının isə qızıl medalını qazanmış gənc boksçumuz 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopla qarşılaşıb. Təmsilçimiz rəqibinə 0:3 hesabı ilə məğlub olaraq tərniri vaxtından əvvəl tərk edib.

81 kq çəkidə Teymur Məmmədov hollandiyalı Peter Müllenberqlə üz-üzə gəlib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn bayraqdarımız 1/4 finala vəsiqə qazanıb.