Karateçilərin uğurlu çıxışı ilə bağlı mətbuat konfransı olub

Karateçilərin uğurlu çıxışı ilə bağlı mətbuat konfransı olub

Azərbaycan karateçiləri Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatından uğurlu nəticə ilə vətənə qayıdıblar. Yarışla əlaqədar Gənclər və İdman Nazirliyində mətbuat konfransı təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov, vitse-prezidenti Rəhman Hətəmov və dünya çempionatının mükafatçıları - Rafael Ağayev, Ayxan Mamayev, Firdovsi Fərzəliyev iştirak ediblər.

Tədbirdə çıxış edən İsmayıl İsmayılov karate üzrə milli komandamızın dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazanmasını yüksək nailiyyət kimi qiymətləndirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan İsmayıl İsmayılov karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsinin əhəmiyyətini vurğulayıb. O, bu qərarın Azərbaycan təmsilçilərinin Tokio-2020-də daha yüksək nəticə göstərmələrinə şərait yaradacağına əminliyini ifadə edib.

AKF-nin prezidenti Yaşar Bəşirov karateçilərimizin ildən-ilə daha yaxşı nəticələr əldə etdiklərini və IV İslam Həmrəyliyi Oyunlarında da uğurla mübarizə aparmağa çalışacaqlarını vurğulayıb: "Karateçilərimiz 118 ölkədən 1025 idmançının iştirak etdiyi 24-cü dünya çempionatını beşinci, Avropa ölkələri arasında isə ikinci yerdə başa vurdu. Rafael Ağayevin (75 kq) beşqat dünya çempionluğu, Ayxan Mamayevin (84 kq) gümüş, Firdovsi Fərzəliyevin (60 kq) isə bürünc medal qazanması mükafatçılar sırasına düşən 26 ölkə arasında komandamıza yüksək nəticə qazandırdı. Rafaelin beşqat dünya çempionluğu bizim üçün böyük fəxrdir. İndiyədək heç bir karateçi bu uğura dörd dəfədən çox nail olmayıb. Rafael Ağayev bu göstərici ilə rekorda imza atdı. Gələn il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Karateçilərimiz də bu yarışda qüvvələrini sınayacaqlar. Çalışacağıq ki, bu mötəbər yarışda uğurla çıxış edərək yüksək nəticələr qazanaq”.

Federasiya prezidenti qarşıdakı turnirlərə də yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edərək deyib: "Hazırda Dünya Karate Federasiyasının 192 üzvü var. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər üzv ölkələrin sayı 200-ə çatacaq. Bu səbəbdən Tokio Olimpiadasında böyük rəqabət olacaq. Çalışacağıq ki, dünyada reytinqimizi daha da artıraq”.

2018-ci ildə karate üzrə dünya çempionatının Bakıda keçirilə biləcəyinə qeyd edən Yaşar Bəşirov bildirib ki, turnir Peruda keçirilməli olsa da, bu ölkə təşkilatçılıqdan imtina edir. Bu səbəbdən Azərbaycan yarışa ev sahibliyi etmək istəyir. Bu, həm də olimpiadadan əvvəl komandamız üçün yaxşı hazırlıq olar.

Federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov isə beynəlxalq turnirlərdə hakim ədalətsizliyindən danışıb. O bildirib ki, komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan Azərbaycan millisi hakim ədalətsizliyinə görə mükafatdan kənarda qalıb.

Beşqat dünya çempionu Rafael Ağayev Azərbaycana qələbə sevinci yaşatdığına görə məmnun olduğunu bildirib. "Bu, təkcə bizim yox, Azərbaycan xalqının qələbəsidir. Biz bayrağımızı ucaltdıq və himnimizi fəxri kürsüdə səsləndirdik. Dünya çempionatında zəif rəqib olmur. Sonuncu dəfə 2010-cu ildə dünya çempionu adını qazanmışdım. Sonrakı çempionatda hakimin qərəzli qərarına görə məğlub oldum. Digər dünya çempionatında isə zədə səbəbindən kənarda qaldım. Tokio Olimpiya Oyunlarında 35 yaşım olacaq. Lakin hesab etmirəm ki, bu, mənim mötəbər turnirdə yüksək nailiyyət qazanmağıma mane olacaq”, - deyə Rafael Ağayev bildirib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.