Qazanılmış altıncı çempionluq

Qazanılmış altıncı çempionluq




Qadın voleybolçular arasında Azərbaycan Super-liqasına yekun vuruldu. Son oyun günündə maraqlı qarşılaşmalar keçirildi. İlk görüşdə "Telekom” "Lokomotiv Biləcəri” komandasını qəbul etdi.
Bu oyunda "Telekom” komandasının qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Meydan sahibləri də sonuncu turda onlara bəslənilən ümidləri doğrultdular. Çempionat başlayandan zəif təsir bağışlayan "Lokomotiv Biləcəri”nin qələbə qazanmaq arzusu bu dəfə də reallaşmadı. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunan birinci oyunda sevinən tərəf "Telekom” komandası olmuşdu. Onlar rəqiblərini hər üç hissədə məğlub edərək 3 xal qazanmışdılar. İkinci görüş də bu hesabla "Telekom”un xeyrinə yekunlaşmışdı.
Üçüncü oyunda isə "Lokomotiv Biləcəri” bu komandanı məğlub edərək 3 xala sahib çıxmışdı. Voleybol Mərkəzində təşkil olunan budəfəki görüşdə isə "Telekom” komandası qalib gəldi. Meydan sahibləri birinci hissədə rəqibindən 3 top fərqi ilə üstün oldu. İkinci hissədə isə qonaqlar qələbə əldə etdilər. Lakin bu onların son qələbəsi oldu. Ardıcıl olaraq, növbəti hissələrdə qalib gələn "Telekom” çempionatı qələbə ilə bitirdi - 3:1 (25:22; 24:26; 25:20; 25:22). İkinci oyunda isə daha maraqlı görüşün keçəcəyi əvvəlcədən gözlənilirdi. Çünki burada çempionatın iki güclü komandası - "Lokomotiv”lə "İqtisadçı” komandaları üz-üzə gəlirdi. Məlumat üçün bildirək ki, "İqtisadçı” klubu bu oyunda qalib gələcəyi təqdirdə çempionatın gümüş medallarına sahib çıxa bilərdi. Bir şərtlə ki, onlar bu oyunda qalib gəlməli, digər görüşdə isə "Azərreyl”in "Rabitə”ni məğlub etməli idi. Xatırladaq ki, bu komandalar arasında təşkil olunan birinci və ikinci görüşdə sevinən tərəf universitet klubu olmuşdu. Üçüncü oyunda isə "dəmiryolçular” qələbəni bayram etmişdilər. Budəfəki qarşılaşmada isə hansı komandanın qalib gələcəyi hamıda maraq doğururdu. Birinci hissə Cüzeppe Kuçarinin komandasının qələbəsi ilə yekunlaşdı. Bu, onların hissə ərzində qazandığı son qələbə oldu. Ardıcıl olaraq növbəti hissələrdə rəqibini məğlubiyyətə uğradan "tələbələr” medala bir qədər də yaxınlaşdı.
Günün və çempionatın son oyununda isə "Rabitə” ilə "Azərreyl” üz-üzə gəldi. "Rabitə” vaxtından əvvəl çempion olduğu üçün bu oyunda xal daha çox "Azərreyl”ə lazım idi. Çünki, "dəmiryolçular” qalib gələcəyi təqdirdə ikinci yeri özü üçün təmin etmiş olacaqdı. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil edilən birinci oyunda "rabitəçilər” qələbə əldə etmişdilər. Marçello Abbondanzanın yetirmələri müvafiq olaraq ikinci və üçüncü görüşdə də rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Budəfəki oyuna gəldikdə isə "rabitəçilər” yenə rəqibinə heç bir şans vermədi. Onlar birinci hissədə rəqiblərini 6 top fərqi ilə məğlubiyyətə uğratdılar. Xala-xal prinsipi ilə keçən ikinci hissəninin sonunda sevinən tərəf yenə "Rabitə” oldu. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəldi. Bu hissədə də rəqibindən üstün oyun nümayiş etdirən "Rabitə” ardıcıl olaraq 6-cı dəfə ölkə çempionu tituluna yiyələndi. Eyni xala malik olan "Azərreyl” və "İqtisadçı” komandaları isə hissələrin və topların fərqinə görə müvafiq olaraq ikinci və üçüncü yerləri tutdular.




Oyunlar yekunlaşdıqdan sonra çempionatın mükafatlandırma mərasimi təşkil olundu. Əvvəlcə komandaların ikinci heyətləri arasında təşkil olunan yarışın qalibləri mükafatlandırıldı. Daha sonra Super-liqa təmsilçilərinə kubok və medallar verildi. Çempionat yekunlaşdıqdan sonra yarışın ən yaxşı voleybolçusu seçildi.
Bu nominasiyada "Rabitə” klubunun voleybolçusu Madeleyne Montana bütün rəqiblərini qabaqladı.
Kolumbiyalı legioner "Rabitə”nin qızıl me
dal qazanmasında böyük rol oynayıb. Siyahıda Foluke Akinradevo, Katarjina Skorupa, Aurea Kruz və Brenda Kastillo da yer almışdılar. Onlar müvafiq olaraq, ən yaxşı hücumçu, ən yaxşı toppaylayıcı, ən yaxşı top qəbuledici və ən yaxşı libero nominasiyasının qalibi oldular.
Maraqlıdır ki, simvolik yığmada gümüş mükafatçılar - "İqtisadçı” və "Azərreyl”dən fərqli olaraq, turnir cədvəlini 4-cü pillədə bitirən "Lokomotiv”in 2 voleybolçusu yer alıb. Onlardan Aneta Havlikova çempionatın ən çox fərqlənən voleybolçusu Korina Suşke isə topu oyuna ən yaxşı daxil edən oyunçu seçilib.
"Tələbələr”dən Lauren Polini ən yaxşı blokçu, "dəmiryolçular”dan Valeriya Korotenko ən yaxşı müdafiəçi adına layiq görülüb.

26 aprel

XXVIII tur

"Telekom” - "Lokomotiv Biləcəri” - 3:1 (25:22; 24:26; 25:20; 25:22)
İlk oyun: "Lokomotiv Biləcəri” - "Telekom” - 0:3 (21:25, 20:25, 21:25)
İkinci oyun: "Telekom” - "Lokomotiv Biləcəri” - 3:0 (25:19, 25:19, 25:12)
Üçüncü oyun: "Lokomotiv Biləcəri” - "Telekom” - 3:1 (25:22; 25:18; 17:25; 25:15)

"Lokomotiv” - "İqtisadçı” - 1:3 (25:19; 15:25; 23:25; 21:25)
İlk oyun: "İqtisadçi”
- "Lokomotiv” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
İkinci oyun: "Lokomotiv” - "İqtisadçi” - 2:3 (25:22, 25:18, 19:25, 19:25, 11:15)
Üçüncü oyun: "İqtisadçi” - "Lokomotiv” - 2:3 (23:25; 25:19, 27:25, 23:25, 15:17)

"Rabitə” - "Azərreyl” - 3:0 (25:19, 28:26, 25:14)
İlk oyun: "Azərreyl” - "Rabitə” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
İkinci oyun: "Rabitə” - "Azərreyl” - 3:0 (25:20, 25:22, 25:22)
Üçüncü oyun: "Azərreyl” - "Rabitə” - 0:3 (18:25; 23:25; 19:25)