Heydər Əliyev Mərkəzində 2017-ci ildə Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Olimpnews.az saytının məlumatına görə, mərasimdə əvvəlcə Avropa Voleybol Konfederasiyasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Sonra xüsusi olaraq püşkatma mərasimi üçün hazırlanan şou təqdim edilib.
Azərbaycan Xalq Artisti Brilyant Dadaşova voleybol üzrə Avropa çempionatının himnini ifa edib.
Daha sonra Azərbaycan voleybolunun 90 illiyindən bəhs edən "90 ilin şərəf qalereyası” adlı videoçarx, həmçinin voleybol klublarımızın beynəlxalq turnirlərdəki uğurlu çıxışlarından bəhs edən film nümayiş olunub. Həmçinin qitə birinciliyinə ev sahibliyi edəcək Bakı, Göygöl və Tbilisi şəhərlərinin turizm potensialından bəhs edən videoçarxlar göstərilib.
Voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edərək ölkəmizin mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsindən, Azərbaycanda voleybolun inkişafından danışıb.
Yaqub Eyyubov bildirib ki, Avropa Voleybol Konfederasiyasının bu ilin sentyabrında keçirilən toplantısında idmanın bu növü üzrə Avropa çempionatının final mərhələsində üç qrupun oyunlarının, eləcə də yarımfinal və final qarşılaşmalarının Azərbaycanda, bir qrupun və dörddəbir final mərhələsinin görüşlərinin isə Gürcüstanda təşkilinə qərar verilib. Bu, Azərbaycanda həyata keçirilən idman siyasətinin daha bir parlaq qələbəsidir və beynəlxalq qurumlar tərəfindən ölkəmizə verilən növbəti yüksək qiymətdir.
Ölkəmizdə voleybolun yaranması, idmanın bu növünün inkişafına töhfə verən şəxslər haqqında məlumat verən Yaqub Eyyubov Azərbaycan voleybol məktəbinin yetirmələrinin bütün dünyada məşhur olduqlarını vurğulayaraq deyib: "Azərbaycan voleybolçusu İnna Riskal Beynəlxalq Voleybol Federasiyasının (BVF) keçirdiyi sorğuya əsasən, qadınlar arasında XX əsrin ən güclü üç oyunçusu arasında ikinci olub. Müstəqilliyimizin bərpasından sonra - 1992-ci ildə yaradılan Azərbaycan Voleybol Federasiyası həmin il Avropa Voleybol Konfederasiyasına və Beynəlxalq Voleybol Federasiyasına, 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına daxil olub”.
Azərbaycanda idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışan Təşkilat Komitəsinin sədri Bakıda və regionlarda istifadəyə verilən 40-dan çox Olimpiya İdman Kompleksinin, habelə digər idman qurğularının ölkəmizdə idmanın, o cümlədən voleybolun inkişafına və kütləviləşməsinə böyük təkan verdiyini, respublikamızda idmanın bu növü üzrə mütəxəssislərin hazırlandığını diqqətə çatdırıb.
Gürcüstanın idman və gənclərlə iş üzrə nazirinin birinci müavini Şalva Qoqoladze ölkələrimiz arasındakı sıx əməkdaşlıqdan danışıb, Avropa çempionatına birgə ev sahibliyi etməkdən məmnunluqlarını diqqətə çatdırıb. O, çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edərək Gürcüstanın voleybol komandasının Super Liqada iştirakına imkan yaratdığı üçün Azərbaycana təşəkkürünü bildirib. Qeyd edib ki, bu, Gürcüstanda voleybolun inkişafına öz töhfəsini verəcək.
Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç hər iki ölkəyə uğurlar arzulayaraq deyib: "Gələn il biz yenidən Azərbaycana və Gürcüstana qayıdacağıq. Çünki qitənin titullu komandaları öz aralarında ən güclünü müəyyənləşdirəcəklər. Hər iki ölkənin yüksək təşkilatçılıq qabiliyyətinin şahidi olmuşuq. Ümid edirəm ki, idmançılar və qonaqlar gələn il Avropa çempionatında həyəcanlı anlar yaşayacaq və öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar”.
Çıxışlardan sonra Azərbaycanın Əməkdar Artisti, pianoçu və bəstəkar İsfar Sarabski maraqlı konsert proqramı ilə çıxış edib.
Daha sonra voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticələrinə görə, Azərbaycan millisi "A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. "B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri "C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə "D” qrupunda güclərini sınayacaqlar.
Çempionata ev sahibliyi edən Azərbaycan və Gürcüstan, həmçinin "Avro-2015”in mükafatçıları Rusiya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mötəbər yarışa birbaşa final mərhələsindən başlayacaqlar. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çexiya, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.