Mayin 1-də Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turnirinə start verilib.
Olimpnews.az saytının məlumatına görə, "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turniri Beynəlxalq Velosiped İdmanı Federasiyasının (UCİ) Europe Tour çərçivəsində 2.2 kateqoriyalı veloyürüşdür. Bakıdan start götürən velotur respublikamızın yeddi - Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Şəki - rayonunun ərazisindən keçəcək.
Qeyd edək ki, veloturda 24 ölkədən o cümlədən, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrin təmsilçiləri, fəxri qonaqlar, o cümlədən Beynəlxalq Velosipedçilər İttifaqının və Avropa Velosiped Federasiyasının rəhbərliyinin nümayəndələri iştirak edirlər.
Bu yarışda ölkəmizi yeni yaradılan "Sinerjy Baku Cucling Project” klubu təmsil edəcək. Qeyd edək ki, komandanın heyətində 6 azərbaycanlı və legionerlər yer alıb.
Xatırladaq ki, "Tour d’Azerbaidjan” turniri beş mərhələdən ibarət olacaq. Mayın 1-də yarışın ilk mərhələsi Heydər Əliyev Mərkəzinin yanından start götürüb və ulu öndərin adını daşıyan mərkəzi prospektlə metronun «Koroğlu» stansiyası arasında 11 dəfə dövrə vurduqdaq sonra Heydər Əliyev Mərkəzinin yanında başa çatıb. Marşrutun ümumi uzunluğu 157 kilometr olub. Ölkəmizi bu yarışda təmsil edən "Sinerjy Baku Cucling Project” komandasının üzvü Kristof Övaytser məsafəni birinci qət edərək finiş xəttinə tez çatıb. O, dördüncü dövrədən sonra liderliyi ələ ala alıb. «Atlas» komandasının üzvü Maksim Averin ikinci, «Rabobank»ın üzvü Martin vann Treyd isə üçüncü olub.
Mayın 2-də velosipedçilər yeni yaradılmış velosiped parkından start götürməklə, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. Yürüşçülər 183 kkm məsafə qət etdikdən sonra finiş xəttini İsmayıllı şəhərində keçəcəklər.
Mayın 3-də veloyürüşçülər yarışa Qəbələdən start verəcəklər və Oğuzdan keçməklə istiqaməti Şəkiyə götürəcəklər. Həmin gün velotur başlanğıc nöqtəsi olan Qəbələdə yekunlaşacaq. Velosipedçilər 165 km məsafə qət etməli olacaqlar.
Velotur iştirakçıları turnirin dördüncü mərhələsində yenə də Qəbələdən start götürəcəklər və İsmayıllıdan keçərək Şamaxıya yürüş edəcəklər. Veloyürüşçılər 116 kim məsafə qət etməklə dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
146 km məsafəni əhatə edən beşinci mərhələ Azadlıq meydanından başlayaraq, paytaxtın mərkəzi küçələri və prospektindən keçərək, Hökumət evinin qarşısında yekunlaşacaq.
Qeyd edək ki, veloturda 40 ölkədən 25 komanda mübarizə aparacaq. Yarışda Mərkəzi Avropa ölkələri - Lükskmburq, Belçika, Niderland, eləcə də Qazaxıstan komandaları favorit hesab olunur.
Turnirin ümumi mükafat fondu 69 min avrodur. Qalib komandaya 6 min avro veriləcək. Bununla yanaşı, ilk iyirmiliyə, spirint, dağ yarışlarında fərqlənənlərə də pul mükafatlarının verilməsi nəzərdə tutulub.
Esmira Orucova