Karateçimiz qızıl medal qazanıb

Karateçimiz qızıl medal qazanıb

Qadın milli komandamızın lideri İrina Zaretska (68 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən nüfuzlu karate 1 premyer liqasının qalibi olub.

Olimpnews.az saytının məlumatına görə, İrina Zaretska Dünya Karate Federasiyasının (WKF) mövsüm boyu üçüncü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmləndirib. İ.Zaretskanın məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və Avropa çempionları olub.

Milli komandanın favoritlərindən Ayxan Mamayev (84 kq) bürünc medal uğrunda həlledici qələbəni əldən versə də, təsəlliverici görüşlərdə son dünya çempionatının finalında məğlub olduğu yaponiyalı karateçi Ryutaro Araqaya 4:2 hesabı ilə qalib gələrək revanş alıb.

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha üç idmançımız mükafatçılar arasına düşə bilməyib. Karateçilərimiz üçün digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk dörd pillədən bu dəfə də uzaq düşmələridir.

Dubay Premyer Liqasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandıran fəxri qonaqlar arasında olub.

Yarışı idarə edənlərdən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək üç hakimimizdən beynəlxalq dərəcəli Cahangir Babayev ilə Vüqar Kərimov və onlardan başqa federasiyanın vitse-prezidneti Yusif Məmmədov da yer alıb. Yüksək dərəcələrinə görə onlara final görüşlərini də idarə etmək həvalə olunub.

75 ölkədən 701 karateçinin iştirak etdiyi yarışda bir qızıl medala sahib olan Azərbaycan mükafat qazana bilən 26 ölkə idmançıları arasında 7-10-cu yerləri bölüşüb.