Azərbaycanlı şahmatçı Moskva çempionu olub

Azərbaycanlı şahmatçı Moskva çempionu olub

Rusiya Dövlət Sosial Universitetinin Şahmat Evində qadın və kişi şahmatçılar arasında Moskva çempionatının finalının yekunları açıqlanıb. Olimpnews.az saytının məlumatına görə, 60 şahmatçı doqquz gün ərzində mükafatlı yerlər uğrunda mübarizə aparıb.

Moskva çempionatında qadın şahmatçılar arasında birinci yeri 9 mümkün xaldan 6,5 xal toplayan qrossmeysterlər Elmira Mirzəyeva və Mariya Fominıx bölüşüblər. Moskvada yaşayan azərbaycanlı şahmatçı Elmira Mirzəyeva sonuncu turda Aleksandra Dmitrova ilə heç-heçə oynayıb, Mariya Fominıx isə Dina Drozdovanı məğlubiyyətə uğradıb. E.Mirzəyeva əlavə göstəricilərinə görə qızıl medalı əldən verməyib.

Qeyd edək ki, bu, onun Moskva çempionatında klassik şahmat üzrə ilk qələbəsidir.

Beynəlxalq dərəcəli şahmat ustası Dmitri Qordiyevski ikiqat Moskva çempionu olub. O, bu çempionatda ilk dəfə 2013-cü ildə 16 yaşında qalib gəlib. Budəfəki çempionatda ona çatan olmayıb, çünki 9 turda cəmi bir xal itirib. Sonuncu turda Qleb Aprışko ilə sürətlə heç-heçə oynayıb.

Fərqlənən şahmatçılara mükafatları Moskva Şahmat Federasiyasının vitse-prezidenti Nikita Kim təqdim edib. Qaliblərə Moskva İdman Komitəsinin kubokları, mükafatçılara medal və diplomlar təqdim olunub. Kişi şahmatçılar arasında turnirin mükafat fondu 300 min rubl, qadınlar arasında 150 min rubl təşkil edib. İlk üç yeri tutan şahmatçılar 2017-ci ildə Rusiya çempionatının Ali Liqasında çıxış etmək hüququ qazanıblar.

Xatırladaq ki, şahmat üzrə beynəlxalq qrossmeyster Elmira Mirzəyeva Rusiyada və dünyada sanballı uğurlar qazanmış gənc azərbaycanlı idmançılardan biridir.