Millimiz 5 oyuna 5 qələbə ilə final mərhələsinə vəsiqə qazandı

 Millimiz 5 oyuna 5 qələbə ilə final mərhələsinə vəsiqə qazandı

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarına yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, ardıcıl 4 oyunda qələbə qazanan Faiq Qarayevin yetirmələri son turda Hollandiya yığması ilə qarşılaşıblar.

Voleybolçularımız qələbə seriyasını davam etdiriblər. Təmsilçilərimiz bundan əvvəlki 4 turda xal itirməyən hollandlara böyük hesabla qalib gəliblər. 5-ci görüşdə 5-ci 3:0 hesablı qələbə isə yığmamızı birbaşa final mərhələsinə yüksəldib.

Belə ki, qarşılaşma gözlənildiyi kimi qarşılıqlı hücumlarla başlayıb. Lakin voleybolçularımızın bir-birini başa düşməməsi rəqibin təşəbbüsü ələ alması ilə nəticələnib. Birinci hissənin ilk texniki fasiləsinə 2 top geridə yollanan komandamız ikinci texniki fasilədə 8 top geri düşüb - 8:16. Lakin bu, voleybolçularımızı ruhdan salmayıb. Faiq Qarayevin lazımı göstərişləri oyunun axarını dəyişib. Əvvəlcə yığmamız fərqi azaldıb (15:20), ardınca hissəni əlavə vaxta aparıb. Nəhayət ki, setin sonlarında hesabda irəli keçən voleybolçularımız yekunda əzmkar qələbəyə seviniblər - 30:28.

Bu qələbə komandamızı daha da ruhlandırıb. Təmsilçimiz setə uğurlu başladıqdan sonra bir qədər zəif təsir bağışlasa da, yenə lazımı anda toparlanıb. Bu isə millimizi qələbəyə bir addım da yaxınlaşdırıb (2:0).

3-cü hissə sonuncu olub. "Narıncılar” fərqi azaltmaq üçün bir sıra dəyişikliklərə əl atsalar da, faydası olmayıb. hesabda irəli çıxan hollandlar bunun ardını gətirə bilməyiblər. Səhvsiz oynayan yığmamız seçmə oyunları nə set, nə də xal itirmədən başa vurub.

Beləliklə, Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Rio Olimpiadasının yarımfinalçısı Hollandiya millisi isə pley-offda mübarizəni davam etdirəcək. Həlledici oyunlar 2018-ci ildə Yaponiyada keçiriləcək.

DÇ-2018-in seçmə mərhələsi
E qrupu
V tur
3 iyun
Azərbaycan - Hollandiya - 3:0 (30:28, 25:22, 25:13)

                            O   Q  M     S          T          X
1. Azərbaycan   5   5   0   15-0   380-230   15
2. Hollandiya     5   4   1   12-5   410-313   12
3. Ukrayna        5   3   2   10-7   393-353   9
4. İsrail              5   2   3   7-10   329-382   6
5. Norveç          5   1   4   5-13   318-415   3
6. Danimarka     5   0   5   1-15   259-396   0