“Azərreyl”dən Kapraraya dəvət

“Azərreyl”dən Kapraraya dəvət


Tanınmış italiyalı məşqçi Covanni Kaprara karyerasını Azərbaycanda davam etdirə bilər. 2005-2008-ci illərdə Rusiya millisinə baş məşqçilik edən təcrübəli mütəxəssis "Azərreyl” klubundan təklif alıb. Kaprara hazırkı komandası "Pyaçentsa” klubu ilə İtaliya kubokuna sahib çıxıb. Bununla bərabər, o, komanda ilə birlikdə "Çelenc Cup”un finalında da qüvvəsini sınayıb.
A seriyasının yarımfinalına vəsiqəni əvvəlcədən təmin edən klubun baş məqşçisi hazırda ölkəmizdən gələn təklif haqda düşünmədiyini və bütün fikrini İtaliya çempionatının irəlidəki oyunlarına yönəltdiyini bildirib: "Mövsümə "Villa Kortese” klubunda başladım. İndi "Pyaçentsa”dayam. Mövsümün sonunda isə mətbuat məni Bakıya "göndərir”. Ümumiyyətlə, əgər məşqçiyə tələbat varsa, bu, yaxşıdır. Amma istəməzdim ki, kimsə mənim fikirlərimin burada yox, başqa klubun yanında olduğunu düşünsün. Mən yalnız öz komandamla məşğulam. Gələcəklə bağlı məsələlər isə sonranın işidir”.
Kapraranın karyerasına gəlincə, fəaliyyətə "Foppapedretti”də ikinci məşqçi kimi başlayan (1998-2000) məşqçi burada Çempionlar Kubokunu (2000), İtaliya çempionluğunu (1999) və ölkə kubokunu (1999) qazanıb. "Redjo-Kalabariya” (2000-2001), "Sassuolo” (2001-2003), "Foppapedretti” (2003-2005), "Peruca” (2008-2009), "Pyaçentsa” (2009-2010, 2012-2013), "Novara” (2010-2012) və "Villa Kortese”də (2012-2013, hamısı İtaliya) baş məşqçi işləyib. Təcrübəli mütəxəssis bu komandalarla Çempionlar Liqasının (2005), CEV kubokunun (2004), 2 dəfə İtaliya A seriyasının (2001, 2005) və 2 dəfə ölkə kubokunun (2001, 2013) qalibi olub. O, həmçinin 2002-ci ildə "Sassuolo”nu A2 Seriyasından güclülər dəstəsinə çıxarıb.
Kaprara İtaliyadan kənarda isə yalnız Rusiya millisində işləyib. 2005-2008-ci illərdə şimal qonşularımızın qadınlardan ibarət komandasına rəhbərlik edən mütəxəssis onlara dünya çempionatının qızıl (2006), Qran-prinin gümüş (2006), Avropa çempionatının isə 2 dəfə bürünc medalını (2005, 2007) qazandırıb.
Qeyd edək ki, Kaprara "Villa Kortese”nin Çempionlar Liqasında uğursuz çıxışından sonra istefaya göndərilmişdi. Xatırladaq ki, bu komanda ÇL-də hər 2 oyunda məhz "Rabitə”yə uduzmuşdu.