“Bakı şəhəri çox xoşuma gəlir”

“Bakı şəhəri çox xoşuma gəlir”

"Rabitə” ABŞ millisinin voleybolçusu Foluke Akinradevo ilə müqaviləsinin müddətini artırıb. Təcrübəli voleybolçu Rusiya mətbuatına müsahibə verib. Foluke gələcək karyerası ilə bağlı da danışıb.

- Krasnodar klubu ilə ayrıldıqdan sonra həyatınızda dəyişikliklər olubmu?
- Karyeramda müəyyən dəyişikliklər oldu. Heyətində çıxış etdiyim ABŞ yığması ilə birlikdə Londonda təşkil olunan yay Olimpiya oyunlarında gümüş medal qazandıq. Bundan sonra "Rabitə” komandası ilə müqavilə bağladım. Yeni komandamla birlikdə ölkə çempionatının qızıl medallarını qazandım. Daha sonra bu komanda ilə Çempionlar Liqasının gümüş medalına yiyələndim.



- "Rabitə” klubu haqqında hansı fikirləri söyləyərdiniz?
- "Rabitə”də keçirdiyim vaxtdan zövq alıram. Burada olduğumdan məmnunluq hissi keçirirəm. Ümumiyyətlə, Bakı şəhəri çox xoşuma gəlir. Burada dil problemi yoxdur. Əhalinin əksəriyyəti ingilis dilində danışa bilir. Bu mənada, Bakıda mənim üçün hər şey yaxşıdır.
- "Dinamo”da oynadığınız vaxt krasnodarlı azarkeşlərinin sevimlisinə çevrilmişdiz. Yenidən köhnə komandanıza qayıtmaq fikriniz yoxdur ki?
- Mən artıq "Rabitə” ilə müqaviləmi daha 1 il müddətinə artırmışam. Müqaviləm bitdikdən sonra bu barədə düşünmək olar.

- "Dinamo”nun çıxışlarını izləyirsiniz?
- Əlbəttə. Keçmiş komandamın "Çelenc Cup”u qazanmasından da xəbərim var. Bilirəm ki, bu nailiyyət klub tarixində böyük hadisədir. Komandanın ölkə çempionatının 1/4 finalında "Omiçka”ya məğlub olması isə xoşagəlməz hadisə oldu. Lakin idmanda hər şey olur.