Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib. Olimpnews.az saytının məlumatına görə, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatının ardından çimərlik voleyolu üzrə beynəlxalq turnirə (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku) ev sahibliyi edəcək.
Oktyabrın 11-14-də təşkil olunacaq yarış "Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev–Vüsal Qurbanov, Vadim Kutukov–Pərviz Səmədov, Fidan Ağaməmmədova–Dünya Vəliyeva, İlhamə Əliyeva–İrina Abbaszadə və Nazilə Səlimova–Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.
Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq. Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.
Yarışın ilk günü, 11 oktyabrda təsnifat mərhələsi (1 dəfə məğlub olan komanda mübarizəni dayandırır), 12-13 okyabrda 1/4 final (2 dəfə məğlub olan komanda mübarizəni dayandırır), 14 oktyabrda isə yarımfinal və final oyunları keçiriləcək.
Qeyd edək ki, oyunlar 3 meydançada olacaq. I yer 880 avro, II yer 640 avro, III yer isə 520 avro məbləğlərlə mükafatlandırılacaqlar.