Gələn il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.
Olimpnews.az saytının məlumatına görə, son vəsiqələrin sahibləri Şimali, Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi, eləcə də Cənubi Amerika zonası üzrə qrup matçlarının yekununa əsasən məlum olub.
Dominikan Respublikası və Meksika qrup qalibləri kimi Yaponiyaya bilet sifariş ediblər. Puerto-Riko ilə Trinidad və Tobaqo qrupda ikinci yeri tutub və çempionatda iştirak hüququ qazanıblar.
Dünya çempionatınının sonuncu vəsiqəsi isə Argentinaya qismət olub. Yığma komanda Cənubi Amerikada yer aldığı qrupun ən güclüsü adını qazanmaqla vəsiqəyə yiyələnib.
Beləliklə, dünya çempionatında 24 komanda - ev sahibi Yaponiya, Cənubi Amerikadan - Braziliya, Argentina, Avropadan - Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan - Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən - ABŞ, Kuba, Kanada, Dominikan Respublikası, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo, Afrikadan - Keniya və Kamerun milliləri birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan millisi cari ildə Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsinin "E” qrupunun oyunlarında Norveç, Ukrayna, Danimarka, İsrail və Hollandiya yığmalarına qalib gələrək dünya çempionatına vəsiqə qazanıb.