WADA Çində yoxlamaya start verib

WADA Çində yoxlamaya start verib



Ümumdünya Antidopinq Agentliyi (WADA) Çində dopinqlə bağlı geniş həcmdə yoxlamalara start verib. 

"Olimpnews.az"ın məlumatına görə, beynəlxalq qurumu buna sövq edən Almaniyanın ARD televiziya kanalının efirə verdiyi növbəti film olub. Filmdə Çində dopinqdən istifadənin dövlət səviyyəsi sistemində apardığı iddia edilir. WADA-nın rəsmi saytında bildirilir ki, filmdə Çin Olimpiya yığmasının 1980 və 1990-cı illərdə kütləvi şəkildə dopinqdən istifadə etməsi barədə faktlar vardır.

Filmdə Çin Olimpiya yığmasının həkimi Ksyu İnsyan idmançıların hamısının dopinqdən istifadə etdiyini və bunun dövlət səviyyəsində aparıldığını deyir: "Bu sistemə 10 mindən artıq insan cəlb edilmişdi. Çinli idmançıların 80-90-cı illərdə beynəlxalq yarışlarda əldə etdikləri medallar geri alınmalıdır”. Həkimin sözlərinə görə, Çində bütün idman növlərində dopinqdən istifadə edilirmiş. İdmançı dopinqdən imtina etdiyi təqdirdə yığmadan qovulurmuş. Acınacaqlısı da odur ki, yeniyetmə idmançılar buna təhrik edilib.
Ksyu İnsyan ailəsi ilə birlikdə 2015-ci ildə Çini tərk edərək Almaniyaya köçüb. Hazırda həmin ölkədə yaşayır.