Pxençxan-2018 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Pxençxan-2018 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Pxençxan-2018 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Olimpnews.az saytının məlumatına görə, mərasim Olimpiya Oyunlarının vətəni olan Yunanıstandakı Olimpiya şəhərində keçirilib. Ənənəyə uyğun olaraq, məşəl buradakı qədim Hera məbədində alovlandırılıb. Məşəli tanınmış yunan aktrisası Katerina Lehou və xoreoqraf Artemis İqnatiou yandırıblar. Məşəlin ilk daşıyıcısı isə 24 yaşlı yunanıstanlı xizəkçi Apostolos Angelis olub.

Pxençxan-2018-in məşəli bir həftə boyunca Yunanıstanın ərazisində 2129 kilometr məsafədə səyahət etdikdən sonra oktyabrın 30-da Afinadakı Akropola çatacaq və bundan sonra Koreya Respublikasına yola salınacaq. Ümumiyyətlə, səyahət zamanı 505 nəfər məşəli daşıyacaq və 36 qarşılama mərasimi keçiriləcək. Pxençxan-2018-in Təşkilat Komitəsi Oyunların məşəlini oktyabrın 31-də Afinadakı "Panafenaik” stadionunda keçiriləcək mərasimdə təhvil alacaq.

Bundan sonra Koreya Respublikasına gətiriləcək məşəlin səyahəti noyabrın 1-dən etibarən 100 gün ərzində 22 vilayəti əhatə edərək fevralın 9-da açılış mərasimində başa çatacaq.

Xatırladaq ki, bəyaz məşəlin uzunluğu 700 millimetrdir. Bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasını xarakterizə edir. Məşəlin dizaynı koreyalı rəssam Kim Yon Seyə məxsusdur.

Qeyd edək ki, Pxençxan-2018 Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də keçiriləcək.