MOK-da “Bir Tələbə-Könüllü" Proqramı ilə bağlı anlaşma imzalandı

MOK-da “Bir Tələbə-Könüllü" Proqramı ilə bağlı anlaşma imzalandı




Noyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Bir Tələbə-Könüllü Proqramı" ilə bağlı tədbir keçirildi. 

"Olimpnews.az" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və "Bir Tələbə-Könüllü" Proqramının əməkdaşları ilə yanaşı, müxtəlif idman federasiyalarının nümayəndələri də iştirak etdilər.
Tərəflər arasında anlaşma memorandumunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil nazirinin müavini Firudin Qurbanov imzaladılar. Sənədin imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, onlarda idmana, xüsusi ilə Olimpiya Oyunlarına marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək idmanın gənclərin həyatındakı vacib rolundan, ölkəmizdə könüllülük hərəkatının yaranmasından danışdı: "MOK-un könüllülərlə bağlı ilk rəsmi layihəsi 2014-cü ildə həyata keçirilib. Bu layihədə könüllülər atletika üzrə yeniyetmələrin Avropa Olimpiya təsnifat yarışında xidmət göstərdilər. O vaxt bizə yarışlarda 30 könüllü kömək etdi. İndi onların sayı 600-ə yaxındır. Azərbaycan könüllüləri I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında əsl qəhrəmanlıq göstərdilər. MOK-un 25 illik yubileyi ilə bağlı tədbirlərdə könüllülər fəallıq nümayiş etdirdilər. Bunun üçün onlara təşəkkür edirəm”.

Təhsil nazirinin müavini Firudin Qurbanov "Bir Tələbə-Könüllü" Proqramının üstünlüklərindən danışdı və Olimpiya dəyərlərinin təbliğində könüllülərin rolunu vurğuladı. Firudun müəllim diqqətə çatdırdı ki, tələbə könüllülərin Vətənə olan məhəbbəti, qonaqpərvərliyi ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə təşkilində mühüm rol oynayıb.
Daha sonra Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə fəal iştirak etmiş könüllülər təltif olundu.
"Bir Tələbə-Könüllü" Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, həmçinin vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunur. Bu proqram gənclərə "əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti ("Öyrən”, "Öyrət”, "Yaşa”, "Yaşat”, "Kəşf et” və "Zövq al”) özündə birləşdirən layihə təqdim edir. "Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.
Xatırladaq ki, "Bir Tələbə-Könüllü" Proqramının iştirakçıları Milli Olimpiya Komitəsinin çoxsaylı tədbirlərində iştirak ediblər.