Mayın 6-da Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnirə start verilib. Olimpnews.az saytının məlumatına görə, yarışda Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Belarus, Rumıniya və s. ölkələrdən 400-dək idmançı bacarığını nümayiş etdirir. Yeniyetmə, gənclər və böyüklər arasında keçirilən turniri 16 hakim idarə edir. Mayın 7-də beynəlxalq turnirin açılış mərasimi keçirildi. Yarışdan əvvəl Azərbaycan Universal Döyüş Federasiyası, Qusar rayon gənclər və idman idarəsi, Qusar Olimpiya İdman Komleksinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin Qusarda yerləşən abidəsini ziyarət edərək abidə önünə əklil qoydular. Beynəlxalq turnirin açılış mərasimində Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov, Qusar şəhər bələdiyyəsinin sədri Əlfəddin İbrahimov, Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Babək Həmidov, «İnter» PİK-in idman bölmələri üzrə koordinatoru Fəxrəddin Qarayev iştirak edirdilər. Əvvəlcə çıxış edən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən danışan A. Həsənov ulu öndərin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın əbədi müstəqillik qazandığını bildirdi. Ulu öndərin xatirəsinin daim qəlblərdə yaşadığını deyən federasiya prezidenti universal döyüş üzrə ümummillli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışın ölkəmizdə ənənəvi olaraq 2004-cü ildən keçirildiyini xatırlatdı. O, bu yarışın ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı.
Ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən A. Həsənov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Azər müəllim respublikamızın müxtəlif bölgələrində beynəlxalq yarışları keçirməyə imkan verən müasir standartlara uyğun Olimpiya idman komplekslərinin tikilib idmançıların istifadəsinə verildiyini qeyd etdi. Federasiya prezidenti universal döyüşün gənclərin hərbi-vətənpərvər ruhda yetişməsində böyük rol oynadığını dedi.
Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə rayonda silsilə tədbirlərin keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qusarda universal döyüşün böyük populyarlıq qazandığını deyən Emil Əmirmətov belə yarışların bölgələrdə təşkilinin idmanın inkişafı və təbliğinə xidmət etdiyini bildirdi. Qusar şəhər bələdiyyəsinin rəisi Əlfəddin İbrahimov da öz növbəsində yarış iştirakçılarına gərgin mübarizədə uğurlar arzuladı. Yarış açıq elan olunduqdan sonra Dövlət himni səsləndirildi. Açılış mərasiminin sonunda Azərbaycan Universal Döyüş Federaysiasının rəhbərliyi tərəfindən Qusar şəhər bələdiyyəsinin sədri Əlfəddin İbrahimov, Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Babək Həmidov, «İnter»PİK-in idman bölmələri üzrə koordinatoru Fəxrəddin Qarayeva turnirin fəxri diplomları təqdim edildi. Ardınca növbəti qarşılaşmalara start verildi. Dünən böyüklər arasında keçirilən yarışların qalibləri müəyyənləşdi. 9 çəki dərəcəsindən 4-də Azərbaycan yığmasının üzvləri qalib adını qazandılar. Özbəkistan yığması 3 qızıl, Rusiya və Gürcüstan komandasının üzvləri isə hərəyə 1 qızıl medal əldə etdilər. Yekun nəticəyə əsasən təmsilçilərimiz 4 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi hesabda birinci oldu. Özbəkistan yığması ikinci pillədə qərarlaşdı. Rusiya və Gürcüstan komandaları üçüncülüyü bölüşdülər. Qeyd edək ki, bu gün yeniyetmə və gənclər arasında yarışlara start verilib. Yarışa mayın 10-da yekun vurulacaq.
Aysel Sultanova