Saridan Mursaqulov 65 illik yubileyini qeyd edib

Saridan Mursaqulov 65 illik yubileyini qeyd edib
Azərbaycanın tanınmış alpinistlərindən biri və ölkə idmanında özünəməxsus dəsti-xətti olan Saridan Ramiz oğlu Mursaqulovun 65 yaşı tamam olub. Saridan Mursaqulov 1953-cü il yanvarın 10-da Gürcüstanın Marneuli rayonunda müəllim ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından idmana böyük marağı onu Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna gətirib.

Ömrünün 55 ilini idmana həsr edən Saridan Mursaqulov alpinizm idman növü ilə 1975-ci ildən məşqul olmağa başlayıb. Tanınmış idmançımız dünyanın bir sıra yüksək dağlarını fəth edərək, Azərbycan bayrağını dalğalandırıb. Yubilyar Azərbaycanda ilk dəfə olaraq 1987-ci ildə Həmkarlar İttifaqı nəzdində Alpinist-turist Klubu yaradıb və bu günə kimi həmin kluba rəhbərlik edir. Saridan Mursaqulovun iştiraki və rəhbərliyi ilə Azərbaycan ərazisindəki bir neçə adsız zirvələr fəth edilərək ad verilib. Bunlardan "Azəri”, "Azadlıq”, "Şəhidlər”, "Gənclik” kimi zirvələrin adlarını çəkmək mümkündür.

Saridan Mursaqulov 1998-ci ildə ümumilli lider Heydər Əliyevin 75 illik yübileyi şərəfinə yüksəkliklərə "Heydər zirvəsi”, 1999-cu ildə türk xalqının banisi Atatürkün şərəfinə "Atatürk zirvəsi”, 2001-ci ildə olimpiyaçılarımızın şərəfinə "Olimpiya” zirvəsi, 2003-cü ildə isə Qırğıstan Respublikasının dağlarında "Azərbaycan” zirvəsi adlarının verilməsinə nail olub. Dünyanın ən məşhur zirvələri -Elbrus, Kazbek, Ağrıdaq, Damavend, Savalan, Monblan, Tatra, Lenin, Xan - Tenqri və s. zirvələri fəth edən yubilyar Azərbaycan alpinizmi tarixinə öz adını yazdıra bilib.

Saridan Mursaqulov 1991-2000-ci illərdə Azərbaycan Alpinist Federasiyasının prezidenti vəzifəsində çalışıb. 65 yaşını qeyd edən tanınmış idmançı yorulmaq bilmədən bu gün də öz idman fəaliyyətini davam etdirir, uşaq və gənclərin alpinizm idman növünün sirlərinə yiyələnməsində yaxından iştirak edir.

Yubilyar ölkə idmanında göstərdiyi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlara və "Tərəqqi” medalına layiq görülüb. O, "Bədən tərbiyəsi və idman əlaçısı”, "Bədən tərbiyəsi və idman fəxri işçisi” adlarını alıb, Əməkdar məşqçidir. Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi olan Saridan Mursaqulov Türkiyə, Gürcüstan, Rusiya, Qırğıstan, İranın fəxri diplom və fərmanları ilə təltif olunub.

Yubilyarı saytımızın çoxsaylı oxucuları adından təbrik edir, uzun ömür və uğurlar arzulayırıq.