Pxençxan-2018 Qış Olimpiya Oyunlarının məşəli Seula gətirilib

Pxençxan-2018 Qış Olimpiya Oyunlarının məşəli Seula gətirilib

Gələn ay Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli paytaxt Seula gətirilib. Olimpnews.az saytının məlumatına görə, 4 gün ərzində Seulda bu münasibətlə müxtəlif tədbirlər keçiriləcək. Bu müddətdə Olimpiya məşəli təxminən 600 nəfərin əlində paytaxt küçələrində 103 kilometr məsafə qət edəcək.

Ötən il oktyabrın 24-də Yunanıstandakı qədim Hera məbədində alovlandırılan "Pxençxan-2018” Qış Olimpiya Oyunlarının məşəli noyabrda Cənubi Koreyaya gətirilib. Məşəl paytaxt Seula çatmazdan əvvəl ölkənin əsas şəhərlərini, o cümlədən Busan, Cecu, Kvancu, Decon və İnçonu gəzib.

Olimpiya məşəli estafeti daha sonra ölkənin şimal vilayətlərində davam edəcək və sonda Oyunların keçiriləcəyi Pxençxan şəhərinə çatacaq. Məşəl Cənubi Koreya ərazisində ümumilikdə 2018 kilometr məsafə qət edəcək. Bəyaz məşəlin uzunluğu 700 millimetrdir. Bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasını xarakterizə edir.

Qeyd edək ki, bu, Olimpiya məşəlinin Cənubi Koreyaya ikinci səyahətidir. Bundan əvvəl 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunları üçün məşəl bu ölkəyə gətirilmişdi.