Kyokuşinkay karate üzrə beynəlxalq turnir keçirilib

Kyokuşinkay karate üzrə beynəlxalq turnir keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sərhədçi İdman Olimpiya Mərkəzində Kyokuşinkay karate üzrə Ümummilli lider Heydər Əliyevin 90 illik xatirəsinə həsr olunmuş Kyokuşinkay karate üzrə kişilər və qadınlar arasında I açıq beynəlxalq turnir keçirilib.
Yarışda Türkiyə, Gürcüstan, İran və Azərbaycanın yığma komandalarının 50 seçmə idmançısı mübarizə aparıb. Turnir Beynəlxalq Kyokuşinkay karate təşkilatının kumite qaydalarına əsasən keçirililib və yarış "Kyokuşin Azərbaycan Birliyi”nin 16 seçilmiş hakimi tərəfindən idarə olunub. Turnirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini Rəşad Əliyev, Respublika Gənclər və İdman nazirliyinin əməkdaşı Tofiq Eyvazov, İKO Matsuşima təşkilatının Azərbaycan nümayəndəsi Vidadi Xəlilov iştirak etmişlər. Açılış mərasiminin sonunda Taekvando və Kyokuşinkay karate ilə məşğul olan idmançılar müxtəlif proqramlarla nümunəvi çıxışlar göstəriblər.

Reqbi yarışları başa çatıb

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş reqbi üzrə turnir təşkil edilib. Turnirdə yerli komandalarla yanaşı Gürcüstan və "Tissa - Titans” komandaları da qüvvələrini sınayıblar. Tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş idarəsınin rəis müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Adil Ağayev, "Tissa - Titans” şirkətlər qrupunun numayəndəsi C.Konri və başqaları iştirak ediblər. Mərasimdə iştirak edən qonaqların çıxışından sonra Azərbaycanın Dövlət himni səslənib və yarışa start verilib.
Yekun nəticələrə əsasən I və II yerlər uğrunda 35:17 xal hesabı ilə Bakı-I Gürcüstan-I komandasına qalib gələrək I yeri tutub. III və IV yerlər uğrunda isə Bakı-II və Gürcüstan-II komandaları qarşılaşıb və Gürcüstan-II komandası 18:30 xal hesabı ilə III yerə layiq görülib.

XXV Spartakiada davam edir

Bakı şəhər məktəbliləri arasında keçirilən XXV Spartakiadanın proqramına daxıl olan basketbol (oğlanlar arasında) yarışı yekunlaşıb. Nəsimi rayonu ərazisində yerləşən 164 nömrəli tam orta məktəbin idman zalında keçirilən 1998-99-cu il təvəllüdlü oğlanlar arasında basketbol yarışında I yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin, II yeri Yasamal rayonu Bakı Avropa Liseyinin, III yeri Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin komandaları tutub.
XXV Spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında), basketbol (qızlar və oğlanlar arasında), dördnövçülük (qızlar və oğlanlar arasında) növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 25 xalla I yerdə, Nərimanov rayonu 38 xalla II yerdə, Qaradağ rayonu 47 xalla III yerdə qərarlaşıb.


Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidməti