Federasiya təlim düşərgəsi təşkil edib

Federasiya təlim düşərgəsi təşkil edib

Azərbaycan Yelkənli İdman Federasiyası milli komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə mayın 31-dən iyunun 3-dək təlim düşərgəsi təşkil edib.
Federasiyadan verilən məlumata əsasən məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Draqan Qasic təlimə cəlb edilib. Otuz il məşqçi kimi fəaliyyət göstərən D.Qasic altıqat dünya və dördqat Avropa çempionudur. Beynəlxalq səviyyəli məşqçi təlim prosesindən və idmançılarımızın hazırlığından razı qaldığını bildirib.
Dörd gün davam edən təlimlər 10 saatlıq nəzəri və dənizdə 20 saatlıq praktiki məşq mərhələlərindən ibarət olub. Məşqlərdə 16 idmançı və 4 məşqçi iştirak edib.