Fevralın 5-8-də Şimali Kipr Türk Cümhuriyyətində keçirilən uşaq fitnesi üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb.
INBA Qlobal Azərbaycan Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yarışın ikinci günü “Fitness dance” və “Miss fitness” kateqoriyalarında çıxış edən idmançılarımız fərqləniblər. 9-11 yaş qrupunda İnci Ömərli və 12-14 yaş qrupunda İnci Mehdizadə bürünc medala sahib olub.
Komandamızın digər üzvü Mirramiz Zəkizadə “Fitness stamina” kateqoriyasında gümüş, “Acro dance solo” kateqoriyasında isə bürünc medala layiq görülüb. Mirramiz Zəkizadə və İnci Mehdizadənin birgə çıxış etdiyi “Acro dance duo” kateqoriyasında isə qızıl medala sahib olub.
Ümumilikdə komandamız 2 kubok və 8 medal qazanmaqla möhtəşəm uğura imza atıb.
Qeyd edək ki, komandamızın hər üç üzvü - İnci Ömərli, İnci Mehdizadə və Mirramiz Zəkizadə 15-17 sentyabr 2026-cı il tarixlərində Xorvatiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.


