Səmti müəyyən etmə üzrə ümummilli liderin xatirəsinə kubok keçirilib

Səmti müəyyən etmə üzrə ümummilli liderin xatirəsinə kubok keçirilib

Mayın 10-dan 12-nə kimi Xaçmaz rayonunda (Nabran) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş səmti müəyyən etmə idmanı üzrə ilk dəfə Beynəlxalq Açıq Kubok yarışı keçirilib.
Yarış xarici mütəxəssislər tərəfindən yeni hazırlanmış və bütün beynəlxalq standartlara uyğun olan üç idman xəritəsi üzrə (Azərbaycan Respublikasında 11 idman xəritəsi vardır) təşkil edilib. Yarışda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə, Ukrayna və Fransa təmsilçiləri iştirak ediblər.
Yarışın hər iki günü ərzində qaçışda birbaşa iştirak etmiş idmançıların ümumi sayı 241 nəfərə çatıb. Ümumilikdə, səmti müəyyənetmə kubokunda 29 komanda təmsil olunubö. Bu isə müstəqil Azərbaycan dövründə səmti müəyyən etmə idmanı üzrə keçirilən yarışlarda iştirak edən idmançıların rekord göstəricisidir (müqayisə üçün qeyd edək ki, 2011 ildə keçirilmiş açıq çempionatda 26, 2012-ci ildə isə 130 idmançı iştirak edib).






Dünyada tanınmış görkəmli siyasi xadim Heydər Əliyev adına Beynəlxalq Kubok yarışının Azərbaycanda keçirilməsi Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyası (IOF) tərəfindən maraqla qarşılanıb. Məhz buna görə IOF Prezidentinin xüsusi nümayəndəsi kimi IOF-un Rəyasət heyətinin üzvü Tatyana Kalendaroğlu Bakıya səfər etmişdi.
Yarışın Baş hakimi Nizami Mursakulov (Azərbaycan) olmuşdur, həmçinin hakimlər kollegiyasının tərkibinə xarici mütəxəssilər - Rusiya Səmti Müəyyn Etmə Federasiyasının nümayəndəsi Aleksandr Trempoltsev və Ukrayna Səmti Müəyyən Etmə Federasiyasının nümayəndəsi Mixail Puqaç da daxil idi.
Mayın10-da yarış iştirakçıları Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Prezidenti M.Kazımovun başçılığı ilə, eləcə də Kubok yarışının fəxri qonaqları - Beynəlxalq SMEF-in Rəyasət heyətinin üzvü T.Kalendaroğlu, Ukraynanın Azərbaycandakı Səfiri A.Mişenko, Türkiyə SMEF-in Prezidenti T.Çolakoğlu, Gürcüstan SMEF-in Prezidenti A.Xvedelidze Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xaçmaz rayonundakı abidəsi önünə əklil və gül qoyublar.
Respublikada keçirilən yarışların beynəlxalq standartlara çatdırılması məqsədilə Kubok yarışının təşkilatçıları tərəfindən üç qrup üzrə qaçışlar nəzərdə tutulmuşdu: səmti müəyyən etmə idmanı üzrə yarışlarda əvvəllər iştirak etmiş idmançılar üçün ən ağır məsafə - kişilər/qadınlar - 21 (Elit); yeni başlayanlar üçün "OPEN” və uşaqlar üçün "OPEN Junior” qrupları.


Beynəlxalq Kubok yarışının ilk günündə verilmiş istiqamətdə uzun məsafəyə qaçışlar keçirilib (kişi idmançılar üçün nəzərdə tutulmuş K-21 (Elit) qrupunda məsafə 10,5 km, qadınlar üçün isə - 7,1 km ibarət idi). Həmin məsafədə iştirakçılar müvafiq olaraq 18 və 14 nəzarət məntəqəsində (NM) qeydiyyat aparılmalı idi. Birinci günün nəticələrinə görə, kişilər arasında birinci yerə Rusiya Federasiyasının idman ustası Slepov İlya layiq görülüb, gümüş medalı Rusiyanın idman ustalığına namizəd Suxov Artyom qazanığ. 3-cü yeri isə Ukrayna təmsilçisi, idman ustalığına namizəd Dolqopol Rostislav tutub.
Q.-21 (Elit) qrupunda uzun məsafədə qadınlar arasında ən yaxşı göstəricini Rusiyanın idman ustası Truxina Yuliya göstərib, ikinci yeri Ukraynalı idmançı Puqaç Mariya, bürünc medalı isə Azərbaycanın idman ustası Əliyeva Natalya ("Neftçi” klubu) qazanıb.
OPEN qrupunda uzun məsafədə (4,4 km - 8 NM) kişilər arasında Zakobluk Aleksey (Azərbaycan, Respublika Alpinist - Turist Klubu), Qalkin Vadim və Cəfərov Anar (Azərbaycan Skautlar Asosiasiyası) fərqləniblər. Qadınlar arasında 3,5 km - 8 NM məsafədə Hacızadə Aytac (Şəki ş. İcra Hakimiyyətinin komandası), Mişenko Miroslava (Ukrayna) və Qəhrəmanova Kəmalə (AR FHN komandası) üstələyiblər.
Kubok yarışının ikinci günündə verilmiş istiqamətdə qısa məsafədə qaçışlar keçirilib. Nəticədə kişilər arasında K-21 (Elit) qrupunda qısa məsafədə (4,05 km - 13 NM) Rusiya Federasiyasının idman ustası Slepov İlya qalib gəlib, gümüş medala Rusiyanın idman ustalığına namizədi Suxov Artyom layiq görülüb, 3-cü yeri isə Moldovanın idman ustalığına namizədi Bezdıqa Andrey tutub.
Qadınlar arasında Q-21 (Elit) qrupunda qısa məsafədə (3,1 km - 10 NM) RF idman ustası Truxina Yuliya qalib gəlib, ikinci yeri Ukrayna təmsilçisi Puqaç Mariya tutub və bürünc medalı AR İdman ustası Əliyeva Natalya ("Neftçi” klubu) qazanıb.
OPEN qrupunda qısa məsafədə (3 km - 11 NM) kişilər arasında ən yaxşı nəticələri Ələskərov Əziz (Azərbaycan, Respublika Alpinist - Turist Klubu), Məmmədov Aqşın (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) və Zakobluk Aleksey (Azərbaycan, Respublika Alpinist - Turist Klubu) göstəriblər.
OPEN qrupunda qadınlar arasında qısa məsafədə (2.3 km - 10 NM) Çerpakova Ellina (Bakı Slavyan Universiteti), Babayeva Rövşanə (Azərbaycan Skautlar Asosiasiyası) fərqlənmiş, üçüncü yeri isə Həmdullayeva Ülkər (Azərbaycan, fərdi hesab) tutublar.


Komanda hesabında yarışın iki günü üzrə alınmış nəticələrə görə, Heydər Əliyev adına Kuboku peşəkar səmti müəyyən edən idmançılardan ibarət Rusiya Federasiyasının komandası qazanıb. İkinci yeri həm Ukraynadan təşrif buyurmuş səmti müəyyən edən idmançılar, həm də Ukraynanın Azərbaycandakı Səfiri A.Mişenko daxil olmaqla, Ukrayna Səfirliyinin əməkdaşlarından ibarət Ukrayna komandası qazanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına Kubokun bürünc medalını isə səmti müəyyən etmə idmanı ilə cəmi 1 ildir ki məşqul olan, lakin yaxın gələcəkdə yüksək nailiyyətləri qazanmaq üçün böyük potensialın olduğunu təsdiq edən nəticələri göstərmiş "Neftçi” (Azərbaycan) klubunun komandası qazanıb.
Bundan əlavə, Kubok yarışının birinci günündə kişilər arasında məsafənin (10 km) xüsusi çətinliyini nəzərə alaraq, hakimlər kollegiyası bu qrup üzrə kişilərdən ibarət ən yaxşı komandanı mükafatlandırıblar. Beləliklə, birinci yeri Rusiya Federasiyası tutub. Yarışın gümüş medalı Ukrayna komandasına, bürünc medal isə sə Xüsusi Dövlət Mühafizə Xidmətinin komandasına qismət olub.
Səciyyəvi məqamlardan biri o oldu ki, OPEN Junior qrupu üçün nəzərdə tutulmuş məsafədə 34 uşaq iştirak edib, onların hər biri Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının diplom və hədiyyələri ilə təltif olunub. Bundan başqa, fərdi hesabda çıxış edən qalib və mükafatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin medal və diplomları ilə mükafatlandırılıblar. Qaliblərə həm də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, eləcə də Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının qiymətli hədiyyələri verilib.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası bu əyləncəli idman növünün Azərbaycanda gələcək inkişafı üçün səylə çalışmağa davam edəcəkdir. Bununla əlaqədar olaraq, həm sağlam həyat tərzi sürmək, həm də Azərbaycanın idman maraqlarının beynəlxalq arenada müdafiə olunması üçün peşəkarlığı artıqmaq məqsədilə səmti müəyyən etmə idman növü ilə məşqul olmaq istəyən hər kəsi səmti müəyyən etmə ailəsinə dəvət edir.

Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!


Azərbaycan Respublikası
Səmti Müəyyən Etmə İdman Federasiyası