«Beynəlxalq festival" iştrakçıları Bakıya gəlirlər

«Beynəlxalq festival" iştrakçıları Bakıya gəlirlər

Mayın 19-da keçiriləcək "Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival"a dəvət olunmuş qonaqlar Azərbaycana gəlirlər. İsrail, Qazaxstan və Ukrayna nümayəndə heyəti artıq ölkəmizdədir. Heydər Əliyev Beynəlxalq Hava limanında qonaqları Milli Paralimpiya Komitəsinin əməkdaşları və KİV nümayəndələri qarşılayıblar.
Ukrayna idmançılarına rəhbərlik edən Yuliya Kozlyuk Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan artıq idman ölkəsinə çevrilib. Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festivalının Bakıda keçirilməsini yüksək qiymətləndirən Yuliya Kozlyuk Azərbaycan və Ukrayna arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Qonaq, təşkilatçılara, Milli Paralimpiya Komitəsinə və Gənclər İdman nazirliyinə təşəkkürünü bildirib. Qonaq Bakının həqiqətən gözəl şəhər olduğunu, azərbaycanlıların qonaqpərvərliyini qeyd edib.
Əlil arabasında idman rəqsi üzrə üçqat Ukrayna çempionu, Dünya kuboku yarışlarının qalibi İvan Zamiqa Azərbaycan paralimpiyaçılarının qazandığı nailiyyətlərin əhəmiyyətindən danışıb və idmanın bu növünün Paralimpiya Oyunlarının proqramına salınmasının vacibliyini vurğulayıb. Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən idmançı Azərbaycanın mötəbər yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsindən xəbərdar olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi festival mayın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək.