San-Marinoda Bakı 2015 Avropa Oyunları ilə əlaqədar təqdimat ediləcək

San-Marinoda Bakı 2015 Avropa Oyunları ilə əlaqədar təqdimat ediləcək

16-18 may 2013-cü il tarixlərində San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək. Tədbirdə AOK-a üzv olan Milli Olimpiya Komitələrinin nümayəndə heyəti iştirak edəcək.
Üç gün davam edəcək seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil edəcək.
Tədbirlərdə Soçi - 2014, Rio-de Janeyro - 2016 Olimpiya Oyunlarının menecment standartları, Milli Olimpiya Komitələrinin idarə edilməsi qaydaları, Olimpiya dəyərlərinin təbliği metodları və s. əhəmiyyətli mözvuları müzakirə olunacaq. San-Marinoda 2015-ci ilin iyun ayında Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müzakirələrə də geniş yer ayrılacaq.
Tədbirin ilk günündə Azərbaycan nümayəndə heyəti iştirakçılar qarşısında Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı təqdimatla çıxış edəcək. Avropa Oyunları ilə bağlı yaradılmış AOK-un Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos isə Komissiyanın aprelin 28-29-da Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verəcək.