Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında güləş üzrə keçiriləcək Avropa çempionatı iyunun 15-dən 17-dək davam edəcək. Yarışda sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvləri qüvvəsini sınayacaq. İlk yarış günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Məşqçi Namiq Quliyevin rəhbərliyi altında Əbdül Abdullayev, İbrahim Musayev (hər ikisi - 38 kq), Cavid Cavadov (41 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 44 kq), Əkbər Vəliyev (48 kq), Riyad Aslanov (52 kq), Məmməd Əhmədov, Məhəmmədəli Quliyev (hər ikisi 57 kq), Məmmədəli Əliyev (62 kq), Fuad Yunusov (68 kq) və Varis Mehdizadə (75 kq) ölkəmizi təmsil edəcəklər.
Sonuncu yarış günündə mübarizə aparacaq yunan-Roma güləşçiləri isə məşqçi Əfsər Namazəliyevin rəhbərliyi altında çempionatda iştirak edəcəklər. Heyətdə Rəşad Həsənli, Zamiq Kərimov (hər ikisi 41 kq), Alim Balaşlı, Cavidan Məmmədli (hər ikisi 44 kq), Teymur Əhmədli (48 kq), Elmir Əliyev (52 kq), Fərid Zeynalabdinov, Xanəhməd Zeynalov (hər ikisi 62 kq), Əli Əlizadə (68 kq) və Emil Əmiraslanov (85 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurlu və Əli Babayev təmsil edəcəklər.
Onlar həmçinin, beynəlxalq dərəcəli hakimlik adı almaq üçün Dünya Güləş Birliyinin təşkil etdiyi kursa qatılacaq, nəzəri və praktiki imtahanda iştirak edəcəklər.