“Fəal ailəm, sağlam aləm” kampaniyası ilə bağlı təqdimat mərasimi keçirildi

“Fəal ailəm, sağlam aləm” kampaniyası ilə bağlı təqdimat mərasimi keçirildi



Mayın 20-də Milli Olimpiya Komitəsinin inzibati binasında "Azərbaycan Coca-cola Bottlers LTD” və "Coca-cola” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilən "Fəal ailəm, sağlam aləm” kampaniyası ilə bağlı təqdimat mərasimi keçirildi. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, "Coca-cola” şirkətinin Mərkəzi Asiya və Qafqazda kommunikasiya və ictimai əlaqələr üzrə meneceri Oleq Piletski, Olimpiya səfirləri qismində çıxış edən Olimpiya çempionu Fərid Mansurov və populyar müğənni Röya Ayxan, Olimpiya çempionları, tanınmış idmançılar iştirak edirdilər. Əvvəlcə MOK-un beynəlxalq proqramlar üzrə mütəxəssisi Mehman Kərimov Azərbaycan Milli Olimpiya Komitəsi ilə "Coca-cola” şirkətinin birgə həyata keçirdiyi "Fəal ailəm, sağlam aləm” proqramının məqsəd və vəzifələri barədə məlumat verdi. O qeyd etdi ki, yaxın 5 il ərzində həyata keçirilməsi nəzərdə tutulan proqramın əsas məqsədi Azərbaycanda Olimpiya Hərəkatını, idmanı və bədən tərbiyəsini daha da inkişaf etdirmək, valideynlərin uşaqlara dəstək olaraq sağlam həyat tərzinə cəlb olunmasından ibarətdir. Onun sözlərinə görə, kampaniya çərçivəsində Azərbaycanda sağlam həyat tərzini təbliğ edəcək Milli Olimpiya Səfirləri komandası yaradılacaq. Proqramın həyata keçirilməsi zamanı ailələri fəal və sağlam həyat tərzinə sövq edən həvəsləndirici sistem yaradılacaq. Kampaniya çərçivəsində ümumilikdə 50 000 insanın iştirak edəcəyi açıq ailə turniri, ənənəvi Olimpiya Qaçış Günü keçiriləcək, 80 ümumtəhsil orta məktəb və internat müəssisəsində Olimpiya festivalları təşkil ediləcək. Mehman müəllim onu da qeyd etdi ki, proqram ilk fəaliyyət ilində 70 000 nəfərdən çox insanı əhatə edəcək ki, bunların da 40 000-i uşaq və gənclər olacaq.
Sonra söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verildi. O, bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin həyatında mühüm bir hadisənin baş verdiyini və MOK-un uzunmüddətli proqrama başladığını bildirdi. "Azərbaycan Milli Olimpiya Komitəsinin qarşısında duran əsas vəzifələrdən biri də sağlam həyat tərzinin təbliği, insanlar arasında idmana marağın artırılmasından ibarətdir. Biz bu layihəyə "Coca-cola” şirkəti ilə bərabər start veririk. "Coca-cola” şirkəti öz fəaliyyətində sağlam həyat tərzini təbliğ edir. Bundan əlavə, bu şirkət dünya miqyasında idmanın təbliği və təşviqi ilə məşğul olur. Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Futbol Federasiyasının, Beynəlxalq Atletika Federasiyasının və bir çox beynəlxalq idman qurumlarının əsas sponsorlarından biri məhz "Coca-cola” şirkətidir. Milli Olimpiya Komitəsi 1997-ci ildən başlayaraq bu şirkətlə fəal əməkdaşlıq edir. Təsadüfi deyil ki, "Coca-cola” şirkəti hər il keçirilən Olimpiya Qaçış Günü tədbirlərində bizimlə birgə olur. Bundan əlavə, 1998-ci ildən etibarən nəşr olunan "Olimpiya” jurnalının da sponsoru "Coca-cola” şirkətidir. Bütün bunlar göstərir ki, Milli Olimpiya Komitəsi və "Coca-cola” şirkəti arasında çox geniş əməkdaşlıq var. Biz bu əməkdaşılığı daha da genişləndirmək məqsədi ilə "Fəal ailəm, sağlam aləm” devizi altında proqrama başlayırıq. Bu proqram ailələri əhatə edəcək. Çalışacağıq ki, bu layihə vasitəsi ilə ailələr müxtəlif idman yarışlarına, idman tədbirlərinə cəlb olunsunlar. Bunun üçün biz əlimizdən gələn vasitələrdən istifadə edəcəyik. Biz "Coca-cola” şirkəti ilə yeni bir format da fikirləşmişik. Bu, Olimpiya səfirləri formatıdır. Düzdür, bir çox dünya dövlətlərində Olimpiya səfirləri olub. Lakin həmin dövlətlərdə bu proqram Olimpiya oyunları dövründə təşkil edilib. Biz isə bu proqramı təkcə Olimpiya oyunlarında deyil, hər zaman təşkil etməyi düşünürük. Əminəm ki, Milli Olimpiya Komitəsi və "Coca-cola” şirkətinin hələlik 5 il üçün nəzərdə tutduğu bu layihə öz müsbət nəticəsini göstərəcək. Biz istəyirik ki, on minlərlə ailəni bu layihəyə cəlb edək”, - deyə Çingiz Hüseynzadə əlavə etdi.


"Coca-cola” şirkətinin Mərkəzi Asiya və Qafqazda kommunikasiya və ictimai əlaqələr üzrə meneceri Oleq Piletski əməkdaşı olduğu şirkət tərəfindən belə bir kampaniyaya start verildiyinə görə qürur hissi keçirdiyini bildirdi. O. Piletski şirkətin 127 illik fəaliyyəti dövründə bir çox ailələrə sevinc bəxş etdiyini xatırlatdı. O, zəngin tarixi olan Milli Olimpiya Komitəsi ilə uğurlu tərəfdaşlığın həyata keçirilməsindən məmnun olduğunu bildirdi. Şirkətin nümayəndəsi indiyədək Azərbaycanda "Coca-cola” şirkətinin dəstəyi ilə futbol və qaçış üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini də qeyd etdi. O, müxtəlif ölkələrdə sağlam həyat tərzinin təbliği məqsədi ilə tədbirlərin təşkil edildiyini, bu proqramlardan birinin "Fəal ailəm, sağlam aləm” kampaniyası çərçivəsndə Azərbaycanda keçirildiyini diqqətə çatdırdı. "Dünya zaman-zaman dəyişikliyə uğrayarkən bizim istehlakçılarla münasibətimiz və müsbət nailiyyətlərə meylimiz dəyişməz olaraq qalır. Şirkət olaraq biz fəaliyyət göstərdiyimiz bütün ölkələrdə sağlam, xoşbəxt və fəal cəmiyyətə dəstək veririk. Dəyişikliklər möhkəm və davamlı olsun deyə, vətəndaş cəmiyyəti və yerli hökumətlərin köməyi bizim üçün çox əhəmiyyətlidir. Çox məmnunuq ki, bu proqramı Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə həyata keçiririk”, - deyə Oleq Piletski əlavə etdi.
Olimpiya çempionu Fərid Mansurov Olimpiya səfiri olmasından qürur hissi duyduğunu dedi. O, Milli Olimpiya Komitəsi və "Coca-cola” şirkətinin birlilkdə bir çox layihələrə imza atdığını qeyd etdi. "Həmin layihələrin əsas məqsədi insanlar arasında sağlam həyat tərzini təbliğ etmək və insanları idmana cəlb etməkdən ibarətdir. İnanıram ki, "Fəal ailəm, sağlam aləm” adlı bu layihə də özünü doğruldacaq”, - deyə Olimpiya çempionu vurğuladı.
Tanınmış mügənni Röya Ayxan ölkəmizdə idmana xüsusi diqqətlə yanaşıldığını, bu sahənin inkişafı üçün bir sıra layihələrin həyata keçirildiyini qeyd etdi. "”Fəal ailəm, sağlam aləm” layihəsinə imza atdığım üçün çox sevinirəm. Mən bu layihədə üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. İnanıram ki, "Fəal ailəm, sağlam aləm” layihəsi insanların sağlam böyüməsində və idmanla məşğul olmasında mühüm rol oynaycaq. İstəyirəm ki, Azərbaycanın bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldıran Fərid Mansurov və Namiq Abdullayev kimi oğullarımız çox olsun. Düşünürəm ki, bu layihə ölkəmizin idman həyatında əhəmiyyətli rol oynayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmana böyük qayğı göstərilir. Paytaxtla yanaşı, bölgələrdə də yeni Olimpiya idman komleksləri inşa edilir. Bütün bunlar idmanın inkişafı üçündür”, - deyə o əlavə etdi.


Tədbir başa çatdıqdan sonra Olimpiya səfirləri və tanınmış idmançılarımız "Fəal ailəm, sağlam aləm” proqramının ölkəmizdə həyata keçirilməsi ilə bağlı fikirlərini bizimlə bölüşdülər:

Fərid Mansurov, Olimpiya çempionu:
- Peşəkar idmançı kimi, gənc nəslin sağlamlığının keşiyində dayanmaq mənim, bir növ, mənəvi borcumdur. Hər bir şəxsin öz sağlamlığı naminə idmanla məşğul olması vacib amildir. Gənclərin sağlam həyat tərzinə cəlb olunması, ilk növbədə, ailədən başlayır. Şübhəsiz, ailədə uşaqların ancaq peşəkar idmanla məşğul olması şərt deyil. Hər bir valideyn, sadəcə olaraq, övladının sağlam həyat tərzi sürməsinə diqqət yetirməli, buna vaxt ayırmalıdır. Ümid edirəm ki, bu layihə ölkədə sağlam həyat tərzinin təbliğinə daha da təkan verəcək. İnanıram ki, bundan sonra idmana ailəvi şəkildə maraq göstərənlərin sayı daha da artacaq.

Röya Ayxan, tanınmış müğənni, Olimpiya səfiri:
- Bu layihədə özümü övladının gələcəyini düşünən valideyn, vətənini sevən qadın kimi görürəm. İlk dəfədir ki, belə bir layihədə iştirak edirəm. Milli Olimpiya Komitəsindən belə bir təklif gələndə onu böyük fərəh hissi ilə qəbul etdim. Mənim bu layihədə iştirakımın oğlumun həyatında da böyük rolu olacaq. Oğlum Hüseynin futbolla məşğul olmasını istəyirdim. Amma görürəm ki, deyəsən, futbol onluq deyil. İndi onu üzgüçülük bölməsinə yazdırmışam. Hüseyn hokkey yarışlarına da çox maraq göstərir.

İlham Zəkiyev, paralimpiya çempionu:
- Bu layihənin nə dərəcədə geniş məfhumu əhatə etməsi, nə dərəcədə dəyərli olması adından da bəllidir. İnanıram ki, "Fəal ailəm, sağlam aləm” adı altında keçirilən proqram bir sıra ailələrdə idmana marağı artıracaq. Hər bir ailədə idmana sağlamlıq baxımından diqqət yetirilsə, cəmiyyətimiz də sağlam olar. Bizim ailədə də idmana böyük maraq var. Düzdür, övladlarımın Olimpiya çempionu olacağını söz verə bilmərəm, amma onların öz sağlamlıqları üçün idmanla məşğul olmalarına diqqət yetirirəm.

Zemfira Meftahətdinova, Olimpiya çempionu:
- Sağlam cəmiyyətin formalaşması aktiv həyat tərzindən başlanır. Əlbəttə ki, valideynlər buna övladlarının uşaq yaşlarından diqqət yetirməlidirlər. Uşaqlar əvvəlcə gimnastik hərəkətlər, sonra qaçış, üzgüçülüklə məşğul olmalıdırlar. Əlbəttə ki, sonra əgər alınırsa və hər hansı idman növü insanın ürəyincədirsə, peşəkar idmandan danışmağa dəyər. Bizim də ailəmizdə idmana xüsusi maraq var. Qızım uşaqlıqdan idmanla məşğul olur. Onun bu sahəyə marağı çox olduğu üçün sonradan idmanı peşəkar səviyyədə davam etdirdi.
Aysel Sultanova,
Azər Əlizadə