«NEFTÇİ» İSM-in idman xronikası

«NEFTÇİ» İSM-in idman xronikası


Sambo:
Mayın 17-də İtaliyada sambo üzrə keçirilən Avropa çempionatına yekun vurulub. «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin üç samboçusu yarışın mükafatçıları sırasında yer alıb. Onlardan 90 kq çəki dərəcəsində mübarizə aparan Kənan Qasımov qitə çempionatının finalına qədər irəliləyib. Yalnız həlledici mərhələdə məğlub olan idmançımız Avropa ikincisi olub. İslam Qasımovla (57 kq) Cavidan Qarayev isə çempionatın bürünc medallarını qazanıblar.



Cüdo:
Həftəsonu mərkəzin cüdoçuları üçün uğurlu olub. Belə ki, gənc və yeniyetmə idmançılar Polşanın Bielsko Biala şəhərində təşkil edilən Avropa Kubokunda öz qüvvələrini sınayıblar.
28 ölkədən 563 (327 oğlan, 236 qız) cüdoçunun iştirak etdiyi kubok yarışında Azərbaycan yığması 2 qızıl və 3 bürünc medalla ümumkomanda hesabında Fransa, Rusiya və Yaponiyadan sonra 4-cü pillədə qərarlaşıb.
«Neftçi» İSM-in yetirmələrindən Leyla Əliyeva (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa Kubokuna sahib olub. Rauf Xəlilov (60 kq), Hidayət Heydərov (66 kq) və Nəzakət Xəlili (52 kq) isə yarışı 3-cü yerdə başa vurublar.

*   *   *
Ukraynanın paytaxtı Kiyevdə isə gənc cüdoçular arasında eyniadlı yarış keçirilib. Avropa kubokunda 23 ölkənin 351 (242 oğlan, 109 qız) idmançısı qalib adı uğrunda mübarizə aparıb.
«Neftçi» İSM-in cüdoçusu, yeniyetmələr arasında Avropa və dünya üçüncüsü Rəşad Rufullayev (60 kq) turnirin qalibi adını qazanıb. Daha iki gənc cüdoçumuz Musa Mehdiyev (66 kq) və İslam Abdurəhmanzadə (73 kq) 5-ci pillədə yer alıblar. Firudin Dadaşov (90 kq) isə bu dəfə 7-ci pilləyədək irəliləyə bilib.

Güləş:
Mayın 18-19-da «Sərhədçi» Olimpiya İdman Mərkəzində sərbəst güləş üzrə yeniyetmələr arasında respublika birinciliyi keçirilib. «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin pəhləvanları yarışda əzmkarlıq nümayiş etdirərək 10 medal (4 qızıl, 1 gümüş, 5 bürünc) qazanıblar. Yeniyetmə «sərbəstlər»dən Sabutay Əmişov (42 kq), Mahir Əmiraslanov (50 kq), Vurğun Əliyev (54 kq) və Məhəmmədəli Əliyev (58 kq) bütün görüşlərü qalib kimi başa vuraraq ölkə çempionu titulunu qazanıblar. İqbal Hacızadə (100 kq) yarışın gümüş medalına layiq görülüb. Mərkəzin digər pəhləvanları Müşfiq Vəliyev (42 kq), Arif Hüseynov (50 kq), Nurlan Rəhimov (58 kq), Orxan Həsənov və Elvin Cabbarlı (hər ikisi 85 kq) isə fəxri kürsünün 3-cü pilləsində yer alıblar.


Ağırlıqqaldırma:
Masazır qəsəbəsi Ağır Atletika Mərkəzində 20 yaşlı idmançılar arasında ağırlıqqaldırma üzrə Bakı şəhər birinciliyi sona çatıb. Birincilikdə «Neftçi» İSM-in atletləri də qüvvələrini sınayıblar. Çıxış edən idmançılarımızdan Asxab Kalayev (+105 kq) birdənqaldırmada 80 kq, təkanla qaldırmada isə 110 kq ağırlığı başı üzərinə qaldıraraq paytaxt çempionluğuna yüksəlib. Qafar Əlirzayev (105 kq) ümumilikdə 140 kq çəkini (65 kq+75 kq) dəf edərək gümüş medala sahib olub. Ağa İslamov (56 kq) isə müvafiq olaraq, 65 kq və 77 kq nəticə ilə 3-cü yeri tutub.

«Neftçi» İSM-in mətbuat xidməti