Azərbaycan Texniki Universitetində idmana qayğı ön plandadır

Azərbaycan Texniki Universitetində idmana qayğı ön plandadır


Ümummilli lider Heydər Əliyevin gənc nəslin sağlam böyüməsi yolunda apardığı ardıcıl siyasət bu gün davam etdirilməkdə və öz bəhrəsini verməkdədir. Azərbaycan gəncliyi işıqlı sabahımız, güclü dövlətimiz naminə ümummilli liderimizin layiqli davamçısı İlham Əliyev siyasətini ürəkdən bəyənir və dəstəkləyir. Gənclərimizin bütün sahələrdə qayğı ilə əhatə olunması onlara inam, güc verir. Gənc nəslin nümayəndələrinin idman, elm, siyasət və digər sahələrdə qazandığı uğurlar gündən-günə artır. İdman sahəsində əldə edilən nailiyyətlər isə xüsusilə fərqlənir.
Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişaf səviyyəsinin gündən-günə yüksəldiyi bir zamanda, şübhəsiz, ali təhsil ocaqlarında da bu sahəyə xüsusi diqqət yetirilir. Respublikamızın ali təhsil ocaqları dövlətimizin idmana göstərdiyi qayğıdan ruhlanaraq bu sahənin inkişafına öz töhfələrini verirlər. Tələbə idmançılarımızın istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurlu çıxışları ali məktəblərimizdə idmana göstərilən qayğıdan xəbər verir.
Həm elm, həm də idman sahəsində yetərli uğurlar qazanmış ali təhsil ocaqlarından biri də Azərbaycan Texniki Universitetidir (AzTU). Respublikanın qabaqcıl elm və təhsil ocaqlarından biri olan AzTU-da bədən tərbiyəsi və idmanın inkişafı, fiziki tərbiyə dərslərinin keyfiyyətli tədrisi daim diqqət mərkəzindədir. Universitetin Elektrotexnika və Energetika, Metallurgiya, Radiotexnika və Rabitə, Maşınqayırma, Avtomatika və kompyuter texnikası, Nəqliyyat, Texnoloji maşınlar, Mühəndis biznesi və menecment, Xarici tələbələr üzrə fakültələrində 7000-dən çox tələbə təhsil alır.


"Respublika yarışlarının əksəriyyətində iştirak edən tələbə idmançılarımız uğurlu nəticələrə imza atırlar”
Azərbaycan Texniki Universitetinin rektoru professor Havar Məmmədovun dediyinə görə, tələbələrin idmanla müntəzəm məşğul olması üçün burada hərtərəfli şərait yaradılıb. "Son illərdə universitetimiz idmanla bağlı bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlər ulu öndər Heydər Əliyevin təhsil müəssisələrinin qarşısına qoyduğu vəzifələrdən irəli gəlir. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi onilliklər ərzində sosial-iqtisadi inkişafla yanaşı, bədən tərbiyəsi və idmanın yüksəlişinə də xüsusi diqqət yetirildi və bu ənənə davam etməkdədir. Ulu öndər öz çıxışlarında hər zaman qeyd edirdi ki, idman inkişaf etməli, hər bir ali məktəbdə idman dərslərinə xüsusi fikir verilməlidir.
İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda idman daha da inkişaf etməyə başladı, bu sahənin nüfuzu özünə qaytarıldı. Azərbaycan Texniki Universiteti də idmana və idmançılara göstərilən bu qayğıdan yararlanıb və bu gün də yararlanmaqdadır. Hazırda tələbələrimiz asudə vaxtlarını idman kompleksində keçirməyə üstünlük verirlər. Onların idmana olan həvəsi məni çox sevindirir. Universitetimizin idman zalında tez-tez universitetlərarası yarışlar - universiadalar, spartakiadalar keçirilir. Respublika yarışlarının əksəriyyətində iştirak edən tələbə idmançılarımız uğurlu nəticələrə imza atırlar.
Buyaxınlarda universitetimizdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan spartakiada başa çatdı. Ali məktəbin əməkdaşları və tələbələri yarışda yüksək səviyyədə iştirak etdilər. Üç həftədən artıq davam edən yarışda həm əməkdaşlar, həm də tələbələr 6 idman növündə mübarizə apardılar. Yubiley turnirində Elektrotexnika və Energetika fakültəsi inamlı çıxışı ilə komanda hesabında qalib oldu. Qeyd edim ki, gələcəkdə də belə turnirlərin keçirilməsi davam etdiriləcək”, - deyə professor H.Məmmədov əlavə etdi.

Universitetin idman kompleksi respublika turnirlərinin əsas
ünvanıdır
Azərbaycan Texniki Universitetinin idman sarayının tikintisi 1973-cü ildə - xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə başa çatıb. Bu qurğu universitetin idman həyatında mühüm rol oynayır. Burada atletika maneji, trenajor, futbol (54x24), basketbol, güləş, boks və ağırlıqqaldırma zallarında tələbələrin məşq etmələri, özlərinin fiziki hazırlıqlarını artırmaları üçün yüksək şərait yaradılıb. Zallar hər cür idman avadanlıqları ilə təchiz edilib. 1982-ci ildə universitetin ağırlıqqaldırma zalında müasir tələblərə cavab verən trenajor quraşdırılıb. Nizami Əhmədzadənin rəhbərlik etdiyi Bədən tərbiyəsi və idman kafedrasında futbol, sambo, ağırlıqqaldırma, tennis, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, futzal, boks və başqa idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Kafedrada universitetin təcrübəli məşqçi və müəllimləri çalışırlar. Tələbələrin fiziki tərbiyəsi ilə məşğul olan idman mütəxəssisləri onların gələcəkdə peşəkar idmançı kimi yetişməsində böyük rol oynayırlar. AzTU-nun idman kompleksində respublika miqyaslı yarışlar da keçirilir. Ölkəmizdə təşkil olunan əksər beynəlxalq boks yarşlarına məhz bu arena ev sahibliyi edir.


"İnanıram ki, AzTU-nun komandası futbol
turnirinin qalibi olacaq”
Universitetin tərbiyə işləri üzrə prorektoru, texniki elmlər namizədi, dosent İsa Xəlilov təhsil ocağının idman həyatı ilə bağlı fikirlərini belə bildirdi: "Universitetimizin çoxillik idman ənənəsi var. Bu gün də həmin ənənəni yaşadırıq. Tələbələrimiz hər il respublika yarışlarında yüksək nəticələr uğrunda mübarizə aparırlar. AzTU-nun beynəlxalq standartlara cavab verən idman kompleksi fəaliyyət göstərir. Gənclərin burada məşq etmələri üçün universitetin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb və naliyyətlərimiz ildən-ilə artır. Cənab İlham Əliyev MOK-un prezidenti seçildikdən sonra idmana böyük önəm verildi. Hazırda Azərbaycanın, demək olar ki, bütün bölgələrində Olimpiya kompleksləri tikilib. Bu da idmanın kütləviləşməsinə imkan yaradır. Ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısı ali təhsil ocaqlarının idman həyatında öz əksini tapıb.
Buyaxınlarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Azərbaycan Texniki Universitetində spartakiada təşkil olundu. Bu spartakiada ənənəvi olaraq hər il keçirilir. Universitetin bütün fakültələrinin tələbələri və əməkdaşları bu spartakiadada fəal iştirak etdilər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlar böyük marağa səbəb oldu. Turnirdə universitetin professor-müəllim heyəti çox fəal iştirak etdi. Onlar şahmat, dama, nərd yarışlarında, həmçinin futbol yarışlarında da böyük əzmkarlıq göstərdilər. Qalib gələn komandalar medallar, kuboklar və diplomlarla təltif olundular. Spartakiadanın keçirilməsində əsas məqsədlərdən biri də universitetin yığma komandasının formalaşmasıdır. Yəni yarışda özünü doğruldan idmançılar universitetin müxtəlif növlər üzrə əsas komandalarına cəlb olunurlar. Hesab edirəm ki, belə yarışların təşkil olunması tələbələrin, əməkdaşların sağlam həyat tərzi keçirməsində, ümumi əhval ruhiyyənin yaxşılaşdrılmasında və mənəvi mühitin sağlamlaşdırlmasında çox mühüm rol oynayır”.
İsa müəllim qeyd etdi ki, belə turnirlər həm də tələbələrin pis vərdişlərdən uzaq olması üçün çox vacibdir. "Əsas məqsədimiz sağlam və zərərli vərdişlərdən uzaq olan gənc nəslin yetişdirilməsidir. Təcrübələr göstərir ki, idman sahəsində uğur qazanmış insanlar digər sahələrdə də özlərini təsdiqləməyi bacarırlar. Biz də bunu nəzərə alaraq, tələbələr və əməkdaşlar arasında yarışlar təşkil edirik. Texniki Universitetin tələbələri nəinki daxili yarışlarda, eləcə də ali məktəblər arasında təşkil olunan turnirlərdə böyük uğurlar qazanırlar. Bundan başqa, bizim tələbələrimiz beynəlxalq yarışlarda da yüksək nəticələr əldə ediblər. Tələbələrimiz ali məktəblər arasında keçirilən spartakiadada da idmanın müxtəlif növlərində iştirak edirlər. Artıq futbol yarışında çıxış edən komandamız həlledici mərhələyə yüksəlib. Qeyd edim ki, təmsilçimiz 1/2 finalda Azərbaycan Dillər Universitetinin komandasını 2:1 hesabı ilə məğlub edib. İnanıram ki, AzTU-nun komandası futbol turnirinin qalibi olacaq”, - deyə prorektor əlavə etdi.

Energetiklər qızıl medalları heç kimə vermədilər

Qeyd etdiyimiz kimi, AzTU-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan spartakiada yarışları keçirildi. Universitetin həm əməkdaşları (şahmat, dama, nərd, stolüstü tennis, voleybol və futzal), həm də tələbələri (şahmat, dama, stolüstü tennis, basketbol, voleybol və futzal) 6 idman növü üzrə güclərini sınadılar. Maraqlı və gərgin keçən yarışlarda iştirakçılar böyük həvəslə medallar uğrunda mübarizə apardılar. Yarışın keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək, universitetin əməkdaşları və tələbələri arasında sağlam həyat tərzini formalaşdırmaq, fakültələrarası dostluq yaratmaq, birincilik uğrunda rəqabəti artırmaq, şəxsi yarışlarda uğur qazananları müəyyən etmək və onları universitetin yığma komandalarının tərkibinə cəlb etmək idi. Xatırladaq ki, futzal, basketbol, voleybol və stolüstü tennis yarışları Olimpiya sistemi üzrə keçirildi. Şahmat, dama, nərd və stolüstü tennis turnirləri 2 qrupda təşkil olundu. Hər qrupda birinci yeri tutan iştirakçılar finala vəsiqə qazandılar.
Keçirilən oyunlardan sonra universitetin 9 fakültəsinin tələbələri və əməkdaşları arasında qaliblər müəyyən edildi. Üç həftədən çox davam edən komanda və şəxsi birinciliyin qaliblərinin mükafatlandırılma mərasimi oldu. Turnirin qalibi adını ümumi komanda hesabında Elektrotexnika və Energetika fakültəsi tutdu. Energetiklər 460 xalla qızıl medalları qazandılar. İkinci pilləyə Mühəndis biznesi və menecment fakültəsi layiq görüldü. Bürünc medallar Texnoloji maşınlar fakültəsinin idmançılarına qismət oldu. Mükafatlandırılma mərasimində çıxış edən AzTU-nun rektoru, professor Havar Məmmədov komanda yarışlarında və şəxsi birincilikdə yüksək yer tutan idmançıları təbrik etdi, onlara uğurlar arzuladı. Qaliblərə AzTU-nun diplomları, üzərində ümummilli lider Heydər Əliyevin şəkli olan xatirə medalları verildi. Sonda AzTU-nun rektoru turnirin qalibi adını qazanan Elektrotexnika və Energetika fakültəsinin dekanı Mahir Bəşirova çempionluq kubokunu təqdim etdi. Tədbirdən sonra Mahir müəllim yarış haqqında təəssüratlarını bizimlə bölüşdü. O, belə yarışların müntəzəm keçirilməsinin alqışalayiq olduğunu vurğuladı: "Respublikamız idman ölkəsi kimi tanınıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana qayğısı danılmazdır. İdmançılarımızın beynəlxalq arenalarda möhtəşəm qələbələri sübut edir ki, ölkə idmanına daim diqqət yetirilir. İdmanımızın inkişaf təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və çox sürətlə inkişaf edir. İstər Bakıda, istərsə də regionlarda inşa edilən müasir Olimpiya kompleksləri gənclərin istifadəsinə verildi. Azərbaycanda müxtəlif beynəlxalq yarışların keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasına zəmin yaradır. 2015-ci ildə I Avropa Oyunlarının və şahmat üzrə Dünya kubokunun, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının ölkəmizdə keçirilməsi respublikamızın nüfuzundan xəbər verir.
Dövlət başçımız öz çıxışlarında dönə-dönə qeyd edib ki, idman inkişaf etdirilməli, istər ali, istərsə də orta təhsil müəssisələrində idman təhsilin əsasını təşkil etməlidir. Azərbaycan Texniki Universitetində idmana qayğı yüksək səviyyədədir. Burada tələbələrin bədən tərbiyəsi ilə məşğul olmaları vacib məsələ hesab edilir. Təbii ki, idmançılarımızın nailiyyətləri onlara göstərilən qayğıdan qaynaqlanır. Universitetimizin rektoru professor Havar Məmmədov bu sahəyə xüsusi diqqətlə yanaşır. O, keçirilən bütün yarışlarda öz qayğısını bizdən əsirgəmir və hər zaman bizə dəstək olur. Ali təhsil ocağında idmanla bağlı bir sıra tədbirlər həyata keçirilir. Buna əyani misal olaraq buyaxınlarda başa çatan spartakiadanı göstərmək olar. Aprelin 19-dan mayın 10-dək Azərbaycan Texniki Universitetinin tələbələri və əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan spartakiada keçirildi. Komandalar arasında keçən yarışlarda Elektrotexnika və Energetika fakültəsi 460 xal toplayaraq spartakiadanın qalibi adını qazandı. Sevinirəm ki, gərgin və maraqlı keçən yarışda rəqiblərimizi böyük fərqlə geridə qoyaraq kuboku əldə etdik. Bu uğurlarımızı növbəti yarışlarda da davam etdirmək niyyətindəyik. Belə yarışların universitetdə mütamadi keçirilməsi alqışalayiqdir”.

Təhsil ocağında perspektivli idmançılar yetişir
Azərbaycan Texniki Universitetində bədən tərbiyəsi dərsləri I və II kurslarda tədris olunur. Hazırda 3000-dən çox tələbə bədən tərbiyəsi dərslərində iştirak edir. Ötən illər ərzində universitetdə bədən tərbiyəsi və idmanın kütləviləşməsi sahəsində bir sıra işlər görülüb.
Təhsil ocağının bəzi idmançıları Azərbaycanın müxtəlif növlər üzrə milli komandalarında mübarizə aparırlar. Məsələn, Azərbaycanın voleybol üzrə yığma komandasının üzvü Fuad Hacıyev məhz AzTU- nun məzunudur. Universitetin müxtəlif idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda uğur qazanan idmançılar çoxdur. Universietetin tələbəsi Bəxtiyar Şirinov (79 kq) kikboksinq üzrə gənclər arasında Azərbaycan və dünya çempionu, Cavid İsayev isə Dünya kubokunun qalibi adını qazanıb. Universitetin digər təmsilçisi Abasət İsmayılov kik-citsu (qaydasız döyüş) üzrə Azərbaycan çempionatının gümüş mükafatçısıdır.
Nəqliyyat fakültəsinin tələbələri - Şəhriyar Hüseynli ağırlıqqaldırmada, İlqar Hüseynov isə əlbəyaxa döyüşdə beynəlxalq yarışların qalibi olublar. Mühəndis biznesi və menecment fakültəsinin tələbəsi Cahid Quliyev ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq karate turnirinin və respublika çempionatının qalibi olub. Metallurgiya fakültəsinin II kurs tələbəsi Çingiz Cabbarov karate üzrə Avropa çempionudur. Radiotexnika və Rabitə fakültəsinin tələbəsi Elvin Cahangirli yunan-Roma güləşi üzrə respublika çempionu, Etibar İslamzadə isə sərbəst güləş üzrə Avropa üçüncüsüdür.
Burada fəaliyyət göstərən idman klubunun sədri Şahmar Rzayev hesab edir ki, tələbələrin bədən tərbiyəsi ilə məşğul olması ali təhsil ocağında ən vacib məsələlərdən biridir. "İdmançılarımızın nailiyyətləri, ilk növbədə, idmana göstərilən qayğıdan qaynaqlanır. Universitetimizin rektoru Havar Məmmədov bu sahəyə xüsusi diqqət yetirir. Tələbə idmançılarımıza hər cür şərait yaradılıb. Onlar idman kompleksində müntəzəm məşq edə bilirlər. Universitetdə idman sahəsində kifayət qədər nailiyyətləri olan və dərəcəli tələbələr təhsil alırlar. Təhsil ocağının rəhbərliyi də belə tələbələrə öz qayğısını əsirgəmir. Universitetin idman kompleksində kifayət qədər yarışlar keçirilir. Buyaxınlarda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan spartakiada yarışları təşkil olundu. Onu da deyim ki, artıq belə yarışlar ənənə halını alıb. Universitetimizin rektoru yarışdan əvvəl bütün fakültələrə 3 dəst forma hədiyyə etmişdi. Bizə yaradılan şəraitə görə, Bədən tərbiyəsi və idman kafedrasının müəllimləri adından Havar Məmmədova öz minnətdarlığımızı bildiririk”, - deyə o qeyd etdi.

Futbol tələbələrin ən sevimli idman növüdür
Ölkəmizin inkişaf etmiş idman növlərindən biri olan futbol ali təhsil ocağının bütün fakültələrində sevilir. Demək olar ki, hər bir fakültənin futbol komandası var. Univesitetin arenasında tez-tez fakültələrarası yarışlar və digər ali məktəblərin komandaları ilə görüşlər keçirilir. Ölkə Prezidentinin "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ilə bağlı təhsil ocağında bu idman növünün daha da inkişaf etdirilməsi üçün tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Son illərdə AzTU-nun futbol komandası mütəmadi olaraq, medalçılar sırasında yer alır. Məsələn, təhsil ocağının futbolçuları ali məktəblər arasında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunan futbol yarışında dəfələrlə qızıl medallar qazanıblar. Bundan başqa, komanda Azərbaycan Təhsil Nazirliyi və Azad Həmkarlar İttifaqının keçirdiyi yarışlarda və Yasamal rayon Gənclər və İdman İdarəsinin keçirdiyi turnirlərdə medalçılar sırasına düşməyi bacarıb.
Hazırda davam edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tələbələrin universitetlərarası futbol çempionatında AzTU-nun komandası da mübarizə aparır. Birincilikdə finala yüksələn komandalar arasında onların da adı var. Bu komanda 1/2 final mərhələsində Azərbaycan Dillər Universitetinin təmsilçilərini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Mayın 25-də AzTU həlledici mərhələdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşacaq.

Tələbələr beynəlxalq arenalarda da ölkəmizi layiqincə təmsil ediblər

Son illərdə ali təhsil müəssisəsinin üç idmançısı Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin universitetlərinin Beynəlxalq İdman Oyunlarında yunan-Roma güləşi üzrə yarışda iştirak edib. Taleh Quliyev həmin turnirdən vətənə bürünc medalla dönüb.
Polşanın paytaxtı Varşava şəhərində keçirilən dama yarışında (100 xanalı) Avropa birincisi olan Elşən Zeynalov Almaniyada təşkil olunan dama turnirində (64 xanalı) dünya çempionatının da mükafatçısı olub. Universitetin digər təmsilçisi Yaqub Zamanov Türkiyənin paytaxtı Ankarada keçirilən karate üzrə dünya kubokunda qızıl, qaydasız döyüş üzrə yarışda isə gümüş medala layiq görülüb. Bundan başqa, Rusiyada təşkil olunan Avrasiya birinciliyində əlbəyaxa döyüş növü üzrə gənclər arasında 1-ci yeri tutan Vüsal Bayramov həm də dünya çempionudur. Kikboksinq üzrə Gürcüstanın Batumi şəhərində keçirilən Dünya kubokunda Fərid Həbibi (67 kq) 2-ci yerə layiq görülüb.
Qələbələrin qazanılmasında universitetin rektoru professor Havar Məmmədov, tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov, Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov, idman klubunun sədri Şahmar Rzayev, inspektor Mirzəli Seyidzadə, Tələbə Həmkarlar Təşkilatının sədri Samirə Quliyeva və Bədən tərbiyəsi və idman kafedrasının müdiri Nizami Əhmədzadənin rolu danılmazdır. İnanırıq ki, AzTU-nun tələbə idmançıları bu uğurları gələcəkdə də davam etdirəcəklər.



Rahib Səmədov