Çingiz Hüseynzadə:“Bir çox ölkələr namizədlikdən imtina edirlər”

Çingiz Hüseynzadə:“Bir çox ölkələr namizədlikdən imtina edirlər”

Paris-2024 və Los-Anceles-2028 Olimpiadalarının keçirilməsi ilə bağlı fikrini "Olimpiya dünyası” qəzeti və "olimpnews.az" saytına bildirən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə namizəd şəhərlərin seçiminə də toxunub: "Mövcud problemlərdən biri də namizəd şəhərlərin seçimi məsələsidir. Los-Anceles və Paris şəhərlərinə ev sahibliyinin seçimsiz verilməsi Olimpiya Oyunlarının prinsip və fəlsəfəsinin dəyişdiyini bizə deməyə əsas verir. BOK bununla vaxt udmağa, bəzi məsələləri yoluna qoymağa çalışır. Bir çox ölkələr artıq xərclərə girməmək üçün Olimpiya Oyunlarına namizədlikdən imtina edirlər. Ola bilsin ki, gələcəkdə bu yarışlar bir ölkənin bir neçə şəhərində və hətta bir neçə ölkədə keçirilə bilər. Mənim fikrimcə, bunun mənfi tərəfləri də var. Belə olan halda Olimpiya prinsiplərinə, fəlsəfəsinə və devizinə xələl gəlmiş olur. Xartiyaya görə, dünyanın bütün idmançıları "Olimpiya Oyunlarında əsas qələbə deyil, iştirakdır” devizi altında bir kənddə toplaşır, dostlaşır, bu yarışı bayram kimi qeyd edirlər. Olimpiada başqa-başqa şəhər və ölkədə keçirildiyi halda təbii ki, bu prinsiplər öz dəyərini itirəcək. Təbii ki, hər şeyi zaman göstərəcək”.