Otüstü hokkeyçilərimizin zəfəri

Otüstü hokkeyçilərimizin zəfəri

Ötən həftə keçirilən otüstü hokkey üzrə "Çelenc” kuboku yarışları Azərbaycan komandaları üçün uğurla başa çatıb. Qadınlardan ibarət "Atasport” komandası Çexiyanın paytaxtı Praqada "Çelenc 1” kubokunda mübarizə aparıb. Klublar 2 yarımqrupda yarışıblar. Bütün rəqiblərini üstələyən "Atasport” bu nəticə ilə daha nüfuzlu "Troffi” kubokuna vəsiqə qazanıb.
"Akkord” komandası isə Yunanıstanın paytaxtı Afinada keçirilən "Çelenc 2” kubokunda qalib gəlib. 8 komandanın iki qrupda mübarizə apardığı bu yarışda təmsilçilərimiz "Partille” (İsveç), "Raça” (Slovakiya), "Academiko Espinio” (Portuqaliya) klubları ilə qarşılaşıblar. İsveçlilərə 4:3, slovakiyalılara 4:1, portuqaliyalılara 5:1 hesabı ilə qalib gələn "Akkord” final mərhələsinə yüksəlib. Həlledici mərhələdə Danimarkanın "Soerbumagle” klubu ilə üz-üzə gələn hokkeyçilərimiz rəqiblərini 6:3 hesabı ilə məğlub ediblər. Rəqib komandaların qapısından 19 top keçirən "Akkord” öz qapısından cəmi 8 top buraxıb. Qeyd edək ki, komandanın vurduğu 19 topdan 11-i hücumçu Saleh Balamiyevin payına düşüb. Beləliklə, "Çelenc 2” kubokunda uğur qazanan "Akkord” "Çelenc 1” kubokuna vəsiqə qazanıb.