"Çempionlar" turnirindən 11 medal

"Çempionlar" turnirindən 11 medal





İyulun 4-7-də Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" beynəlxalq turniri keçirilib. 

"Olimpnews.az" xəbər verir ki, 21-ci dəfə təşkil edilən turnirdə iştirak edən güləşçilərimiz yarışları 11 (1 qızıl, 3 gümüş və 7 bürünc) medalla başa vurublar.

Qazanılan medallardan 7-si (2 gümüş və 5 bürünc) böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında qüvvəsini sınayan sərbəst güləşçilərimizin payına düşür. Sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medala sahib olublar. Bürünc medalları isə yığmamıza İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi 74 kq) və Orxan Abbasov (79 kq) qazandırıblar. Beləliklə, sərbəst güləşçilərimiz turniri komanda hesabında 3-cü sırada tamamlayıblar.
Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında "Çempionlar” kubokunda mübarizə aparan yunan-Roma güləşçilərimiz isə 4 (1 qızıl, 1 gümüş və 2 bürünc) medala sahib olublar. Bütün rəqiblərindən üstün olan Zaur Nuriyev (63 kq) turnirinn qızıl medalını qazanıb. Yalnız finalda uduzan Kamran Mirzəliyev (67 kq) gümüş, Zaur Əliyev (55 kq) və Nəsir Həsənov (77 kq) yarışları bürünc medalla başa vurublar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.