Yeniyetmələr “Alüminumçu”da yarışdılar

Yeniyetmələr “Alüminumçu”da yarışdılar


Mayın 25-26-da Sumqayıt şəhər "Alüminumçu” idman evində Azərbaycan Güləş Federasiyasının 2 saylı nümayəndəliyinin zona birinciliyi keçirildi. 28 May respublika gününə həsr olunmuş yarışda 1999-2000-cü illər təvəllüdlü idmançılar mübarizə aparırdılar. Onlar öz güclərini sərbəst və yunan-Roma güləşində sınadılar. 73 yeniyetmənin iştirak etdiyi birincilikdə güləşçilər 10 kq çəki dərəcəsində ən güclüləri müəyyənləşdirdilər. Qeyd edək ki, 2 saylı nümayəndəliyinin birinciliyi çərçivəsində qızlar arasında açıq birincilikdə təşkil olundu. İlk dəfə keçirilən bu turnir tamaşaçılar tərəfindən böyük qarşılandı. Tədbirin açılış mərasimində çıxış edənlər bu yarışın yeniyetmələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladılar. Sonra Dövlət himni səsləndirildi və birinciliyət start verildi. Sərbəst və yunan-Roma güləşçiləri arasında qalib gəlnlərə 2 saylı nümayəndəlik tərəfindən diplom və medallarla təltif olundular.

Qızların yarışında I-II yerləri tutanlara isə, diplom və medallardan başqa hədiyyələr də verildi. Yarış başa çatdıqdan sonra "Alüminumçu” idman evinin rəhbəri Firdovsi Ömərov təəssüratlarını bizimlə bölüşürkən yarışın yüksək səviyyədə təşkil olunduğunu dedi. "Azərbaycan Güləş Federasiyası bu növün inkişafı üçün mühüm işlər görür. Yeniyetmələr və gənclər arasında təşkil olunan yarışlar ölkəmizdə güləşin inkişafına xüsusi təkan verir. Federasiyanın 2 saylı nümayəndəliyinin təşkil etdiyi zona birinciliyi də güləşin inkişafı istiqamətində atılan addımlardan biridir. Yarışda nümayəndəliyin tərkibinə daxil olan idman klubları öz güclərini sınayırlar. Sevindiricidir ki, bu gün qız güləşçilər də yarışa qoşulublar. Qeyd edim ki, qızlar arasında ilk dəfə belə bir turnir təşkil olunub. Açıq birinciliyin keçirilməsində əsas məqsəd qızların nəyə qadir olduqlarını yoxlamaqdır. Sevinirəm ki, yeniyetmə qızlarımız çox yaxşı güləşdilər. Onların arasında perspektivliləri çoxdur. İnanıram ki, bu gun açıq birincilikdə mübarizə aparan qızlarımz gələcəkdə Azərbaycanın idman şərəfini müxtəlif səviyyəli beynəlxalq yarışlarda qoruyacaqlar”.


Sumqayıtın qızlardan ibarət komandasının məşqçisi Tural Əliyev qeyd etdi ki, qızların açıq birinciliyinin keçirilməsi çox vacib idi. "Biz qız güləşçilərin bacarıqlarını yoxlamaq istəyirdik. Açıq birincilikə Sumqayıt, Gəncə, masallı, Zaqatala, "Məhsul” (Bakı), Abşeron rayon Uşaq - Gənclər İdman Məktəbinin komandaları mübarizə aparırdı. 31 qız güləşçi bu yarışda 7 çəki dərəcəsində öz gücünü sınadı. Turnir çox maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Abşeron rayon Uşaq - Gənclər İdman Məktəbinin yetirmələri komanda hesabında birinci yerə layiq görüldülər. İkinci yerə "Məhsul” (Bakı) komandası, üçüncü yerə isə Gəncə komandasının güləşçiləri çıxdılar. Biz qızlar arasında açıq çempionat keçirməklə bölgələrdə məşq edən qız güləşçilərin hansı vəziyyətdə olduğunu müəyyənləşdirdik. Bu yarışda mənim və qardaşım Xəyal Əliyevin yetirmələri 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar. Onu da qeyd edim ki, qız güləşi 2 saylı nümayəndəlikdə 2009-cu ildən yaranıb. Azərbaycan Güləş Federasiyasının dəstəyi və 2 saylı nümayəndəliyin əlaqələndiricisi Firdovsi Ömərovun rəhbərliyi altında qızların güləşə cəlb olunması öz effektini verdi. Cəmi 4 il keçməsinə baxmayaraq, biz qızlar arasında dünya və Avropa mükafatçıları yetirmişik. 2011-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa brinciliyində idmançımız Sahilə Ələkbərova 38 kq çəki dərəcəsində üçüncü yerə layiq görülüb. Həmin il Macarıstanda təşkil olunan dünya birinciliyində Sahilə yenə də üçüncü oldu. 2012-ci ildə Polşanın Katovski şəhərində keçirilən Avropa birinciliyində 40 kq çəki dərəcəsində bürünc medala sahib olub. Bildiyiniz kimi, yeniyetmə qızlar arasında dünya birinciliyi ötən il Bakıda keçirildi. Yetirməmiz Türkan Nəsirova 43 kq çəki dərəcəsində yalnız finalda uduzaraq gümüş mükafat qazandı. İyul ayında Çernaqoriyada təşkil olunacaq Avropa birinciliyində Türkan Nəsirova mübarizə aparıb. Əminəm ki, o, bu turnirdə ən yüksək pilləyə sahib çıxacaq. Yeri gəlmişkən deyim ki, hazırda 2 saylı nümayəndəlikdə 40-dan çox qız güləşlə məşğul olur. Onların arasında 20-dən çox respublika çempionu və mükafatçısı var”.
Sevindirici haldır ki, ölkəmizin bölgələrində qız güləşi sürətlə inkişaf etməkdədir. 2010-cu ildə keçirilən respublika çempionatında cəmi 30-40 qız güləşçi mübarizə aparırdısa, Sumqayıtda keçirilən açıq birincilikdə 6 bölgədən 31 güləşçi gücünü sınadı. Təsəvvür edin ki, Gəncə şəhərində 3 il bundan əvvəl 1 qız məşq edirdisə, açıq birincilikdə bu şəhərin artıq 10 idmançısı yarışa qoşulmuşdu. Bütün bunlar ölkəmizdə qız güləşinin inkişaf etdiyini göstərir.
Hürrü Abdullayev