Birinci vitse-prezident Macarıstanda səfərdə olub

Birinci vitse-prezident Macarıstanda səfərdə olub


May 24-26-da Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Macarıstan Respublikasında rəsmi səfərdə olub. Paralimpiya komitəsinin mətbuat xidmətindən olimpnews.az. saytına verilən məlumata görə, səfərdə əsas məqsəd Azərbaycan və Macarıstan milli paralimpiya komitələri arasında əməkdaşlığın istiqamətlərini müzakirə etmək və Macarıstan Paralimpiya Komitəsinin prezidenti Zsolt Gömorini Azərbaycana dəvət etmək olub. Səfər zamanı nümayəndə heyəti Macarıstan Paralimpiya Komitəsinin Prezidenti Zsolt Gömöri ilə yanaşı, İnsan Resursları Nazirinin idman məsələləri üzrə müavini və bir sıra digər nümayəndələr ilə görüşüblər.
Cənab Qasımovun sözlərinə görə, səfər çox uğurlu olub və nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb. Ölkələr arasında olan işgüzar əməkdaşlıq və dostluq əlaqələri səfərin yüksək səviyyədə keçməsinə öz müsbət təsirini göstərib. Səfərin yekunlarını şərh edən cənab Qasımov Macarıstan İnsam Resursları Nazrinin idman məsələləri üzrə müavini, əfsanəvi qılıncoynadan, dünyada ilk Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı kimi tanınan cənab Pal Şekeres ilə görüşünü xüsusi vurğulayıb. Qədim idman ənənələri ilə tanınan və dünya şöhrətli idmançılara malik Macarıstanın idman rəsmiləri Azərbaycanda idmanın inkişafı haqqında ağızdolusu danışıblar. Məhz bunun nəticəsidir ki, Macarıstanlı həmkarlar təkcə paralimpiya idman növləri üzrə deyil, digər idman növlərində də Azərbaycan ilə hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti üçün Macarıstan Nəqliyyat Nazirliyinin Lokomotiv paralimpiya idman klubunda tur təşkil edilmişdir. Budapeştin köhnə idman klublarından biri kimi tanınan bu paralimpiya idman kompleksində əlilliyi olan idmançıların kütləvi təlim və məşqi üçün hər cür şərait yaradılmışdır.
Üç gün müddətində aparılan danışıqlar və müzakirələr nəticəsində Azərbaycan üçün yeni olan qılınconatma, üzgüçülük, stolüstü tennis, paratriatlon, avarçəkmə, Macarıstanın inkişaf etdirmək istədiyi cudo və atletika idman növlərində məşqçi, idmançılar üçün təlim-məşq toplantıları, informasiya və təcrübə mübadiləsi, qış paralimpiya oyunların yaradılması, idman təbabəti, kütləvi əlil idman tədbirlərinin keçirilməsi və sair bu kimi digər sahələri əhatə edən geniş əməkdaşlığa dair razılaşma əldə edilib.
N. Qasımov müzakirələr zamanı əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi üçün cənab P. Şekiresi və Z. Gömörünü Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimovun adından Azərbaycana dəvət edib. Razılaşmaya əsasən cənab P. Şekiresin və Z. Gömörünün iyul ayının sonunda Bakıya gəlmələri gözlənilir.

Milli Paralimpiya Komitəsinin mətbuat xidməti