Gənclər və idman naziri Azad Rəhimov Berlində MİNEPS-in 5-ci iclasında iştirak edib

Gənclər və idman naziri Azad Rəhimov Berlində MİNEPS-in 5-ci iclasında iştirak edib


Mayın 29-da Berlində YUNESKO çərçivəsində bədən tərbiyəsi və idmana məsul nazirlərin və səlahiyyətli şəxslərin 5-ci (MİNEPS V) konfransı öz işinə başlayıb. 2 gün davam edən konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahbazov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin 1-ci katibi Eldar Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edib.
MİNEPS-in 5-ci iclasında müzakirələr 13-15 mart 2013-cü ildə Bakı şəhərində təşkil olunan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin fövqəladə iclasında qəbul edilmiş sənədlərə əsasən aparılıb.
İclasın rəsmi açılışında YUNESKO-nun Baş direktoru İrina Bokova, Almaniyanın Federal kansleri Angela Merkel çıxış ediblər. Xanım Bokova CIGEPS-in fövqəladə hazırlıq iclasının Bakıda təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.
130-dan çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın nümayəndəsi və xeyli sayda müstəqil ekspert gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində, Azərbaycanda və idman sahəsində gedən inkişafla bağlı film nümayiş etdirilib. Konfrans salonunun girişində yaradılmış Azərbaycan guşəsində tədbir iştirakçılarına ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, tarixini əks etdirən müxtəlif kitablar və disklər paylanılıb.