“Çempionlar” yarışında böyük qələbə

“Çempionlar” yarışında böyük qələbə


Mayın 31-dən iyunun 2-nə qədər Türkiyənin paytaxtı Ankarada güləş üzrə gənclər arasında "Çempionlar” beynəlxalq turniri keçirilib. Turnirdə ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandaları da iştirak ediblər.
Qızlardan ibarət komandamız məşqçilər Arif Fərmanov, Həsrət Məmmədyarov və Siracuddin Eldarovun rəhbərliyi altında 11 güləşçi ilə təmsil olunub. Heyətdə Sahilə Ələkbərova
(44 kq), Kəmalə Əliyeva, Arzu Əliyeva, Hanna Pavliv (hamısı 48 kq), Almaz İsmayılova, Yarina Dubovska, Solmaz Həşimzadə (hamısı 55 kq), Alyona Kolesnik (59 kq), Darya Korin
(63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.
Gənc sərbəst güləşçilərimiz böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak ediblər. Məşqçilər korpusunun rəyinə əsasən yığmamızı bu turnirdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev, Mircəlal Həsənzadə (hər ikisi 55 kq), Nurlan Hacıyev (60 kq), Hacımurad Ömərov, Ənvərbəy Dalqatov (hər ikisi 66 kq), Kamran Yunusov, Bəxtiyar İsrafilli (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov, Mircəfər Murtuzlu (hər ikisi 84 kq) və Səid Həmidov (96 kq) təmsil ediblər.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin başçılığı altında yarışıb. Heyətdə Cabbar Yusifli (50 kq), Sakit Quliyev, Murad Məmmədov (hər ikisi 55 kq), Kərim Cəfərov, Murad Bazarov (hər ikisi 60 kq), Ruhin Mikayılov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Ceyhun Əliyev (74 kq), Tural Daşdəmirov, Orxan Nuriyev (hər ikisi 84 kq), Türmən Eyyubov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıblar.
Turnirin proqramına əsasən, ilk gün sərbəst və yunan-Roma güləşi üzrə 50 kq, 66 kq və 96 kq, qadın güləşi üzrə 44 kq və 55 kq, ikinci gün sərbəst və yunan-Roma güləşi üzrə 55 kq, 74 kq və 120 kq, qadın güləşi üzrə 48 kq, 59 kq və 67 kq çəkidə, son gündə isə sərbəst və yunan-Roma güləşi üzrə 60 kq və 84 kq, qadın güləşi üzrə 51 kq, 63 kq və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşiblər.
Ankara sınağının ilk günündə güləşçilərimiz ümumilikdə 2 qızıl və 3 bürünc medala sahib olublar.
66 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub və finala yüksəlib. O, finalda yerli güləşçi Volkan Çakılı məğlub edərək turnirin qızıl medalını qazanıb.
Yunan-Roma güləşi üzrə 50 kq çəkidə təmsilçimiz Cabbar Yusifli bürünc medal əldə edib.
Sərbəst güləş yarışlarında 66 kq çəkidə Hacımurad Ömərov bürünc medalla başa vurub.
Gənc qızların mübarizəsində güləşçilərimiz ilk günü 1 qızıl və 1 bürünc medalla başa vurublar. 55 kq-da Yarina Dubovska finala qədər maneəsiz irəliləyib. Finalda isveçli Emma Karlsonu da məğlub edərək qızıl medal qazanıb. 44 kq çəkidə yarışan Sahilə Ələkbərova turniri üçüncü pillədə tamamlayıb.
Turnirin ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə 55 kq, 74 kq və 120 kq, qadın güləşi üzrə 48 kq, 59 kq və 67 kq çəkidə, son gündə isə sərbəst və yunan-Roma güləşi üzrə 60 kq və 84 kq, qadın güləşi üzrə 51 kq, 63 kq və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
İkinci yarış günündə güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Yunan-Roma güləşi üzrə 55 kq çəkidə mübarizə aparan Sakit Quliyev finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Emrullah Beşkardeşlerə məğlub olan təmsilçimiz gümüş medala sahib olub.
Ən ağır çəkidə çıxış edən pəhləvanların mübarizəsində Abbas Abdullayev (120 kq) bürünc medal qazanıb.
Sərbəst güləşçilərin mübarizəsində 74 kq çəkidə çıxış edən təmsilçimiz Bəxtiyar İsrafilli turniri üçüncü sırada başa vurub.
Gənc qızların yarışında isə təmsilçilərimizin hər üçü finala yüksəlib. Finalda hər üç təmsilçimizin rəqibi yerli güləşçi olub. 48 kq çəkidə Kəmalə Əliyeva Büşra Kengeri, 67kq çəkidə Raqnetta Qurbanzadə isə Gülşah Geni məğlub edərək turnirin baş mükafatına sahib olublar. 59 kq-da Alyona Kolesnik isə rəqibinə uduzub və gümüş medalla kifayətlənib.
Turnirin son günündə sərbəst və yunan-Roma güləşi üzrə 60 və 84 kq, qadın güləşi üzrə 51 kq, 63 kq və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yunan-Roma güləşi üzrə yarışan Kərim Cəfərov (60 kq) və Ruslan Aciqov (84 kq) bürünc medal qazanıblar. Komanda hesabında güləşçilərimiz Türkiyədən sonra ikinci yerdə qərarlaşıb. Üçüncü sıranı Gürcüstan təmsilçiləri əldə ediblər.
60 kq-da mübarizə aparan sərbəst güləşçimiz Nurlan Hacıyev də bürünc medal qazanıb. Sərbəst güləş yığmamız komanda hesabında üçüncü sırada qərarlaşıb. Türkiyə birinci, Rusiya güləşçiləri isə ikinci olublar.
Gənc qızların mübarizəsində 72 kq çəkidə çıxış edən təmsilçimiz Səbirə Əliyeva ümidləri doğruldub. Finala qədər maneəsiz irəliləyən güləşçimiz həlledici görüşdə yerli Büşra Durukanı məğlub edərək qızıl medal qazanıb. Komanda hesabında güləşçilərimiz ikinci yeri tutublar. Türkiyə birinci, İsveç yığması isə üçüncü olub.
Xatırladaq ki, ilk iki yarış günündə güləşçilərimiz ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.