Autizmli uşaqların veloyürüşü

Autizmli uşaqların veloyürüşü

Dənizkənarı Milli Parkın Ağ şəhər ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Autizmlilərin İdman Klubunun” (AİK) təşkilatçılığı ilə autizmli uşaq, yeniyetmə və gənclər arasında velosiped yarışı keçirilib.
Autizmli uşaqlara dəstək veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin köməyi ilə təşkil edilib.
Autizmli uşaqların həyatında xüsusi yer tutan velosiped idmanı üzrə yarışın keçirilməsində məqsəd bu idman növünü təbliğ etmək, klublar arasında ən güclü idmançını müəyyənləşdirməkdən ibarət olub.

Veloyürüşdə, həmçinin fiziki məhdudiyyəti olan şəxslər, estrada və kino ulduzları da iştirak ediblər.
Yarışın açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov cəmiyyətdə xüsusi diqqətə və qayğıya ehtiyacı olan həssas əhali qruplarının sağlamlığının qorunması və bu sahədə tədbirlərin təşkil olunmasının təqdirəlayiq hal olduğunu bildirib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi icra orqanı olaraq hər zaman dövlət təşkilatı kimi həssas əhali qruplarının sosal təminatla əhatə olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Fazil Talıbov nazirliyin bundan sonrakı fəaliyətinin də qayğıya ehtiyacı olan gənclərin sağlamlığının keşiyində dayanmaqdan ibarət olduğunu qeyd edib.
Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov uşaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün təbliği üçün müxtəlif layihələr və tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. O, əsas məqsədin velosiped idman növündə qabaqcıl idmançılar yetişdirmək olduğunu və bu idman növünün kütləviliyinə nail olmaqdan ibarət olduğunu bildirib.

Çıxışlar başa çatdıqdan sonra yarışlara start verilib. Yarışlar 6 yaş qrupu üzrə keçirilib. Ümumi komanda hesabında birinci yerə Prim mərkəzi layiq görülüb. Mədinə Tibb Mərkəzi ikinci, "Neftçi” autizm idman klubu isə üçüncü yeri tutub. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Yarışlar başa çatdıqdan sonra "Autizmlilərin idman klubunun” İctimai Birliyinin sədri Elnur Məmmədli "Olimpiya dünyası” qəzetinə fikirlərini bildirib.
"Yarış "Autizmlilərin İdman Klubu”nun, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə keçiridi. Yarışı təşkil etməkdə əsas məqsədimiz velosiped idman növünü təbliğ etmək, bu idman növünün inkişafına təkan vermək və autizmli uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir. Yarışlar 6 yaş qrupu üzrə keçirildi. Qeyd edim ki, autizmli uşaqlar arasında bundan əvvəlki illərdə də velosiped yarışı keçirilib. Budəfəki yarışda daha çox komanda iştirak edirdi. Veloyürüşdə ümumilikdə 13 komandanın tərkibində 100-ə yaxın idmançı mübarizə aparırdı. Paytaxtla yanaşı, bölgələri təmsil edən idmançılar da bacarıqlarını nümayiş etdirdilər. Əsasən, Gəncə, Qəbələ, Tovuzdan olan yeniyetmə və gənclər bu yarışda iştirak etmək üçün paytaxta gəlmişdilər. Vurğulayım ki, daha öncə atletika üzrə də autizmli uşaqların yarışını təşkil etmişik. Gələcəkdə autizmlilərin cəmiyyətə inteqrasiyası məqsədi ilə stolüstü tennis, üzgüçülük, atletika və digər idman növləri üzrə yarışlar təşkil etməyi planlaşdırırırq.