Futbol bir oyun olsa da, onun taleyi ilə oynamaq olmaz

Futbol bir oyun olsa da, onun taleyi ilə oynamaq olmaz


Milli komandaların çıxışı ölkə futbolunun
səviyyəsindən xəbər verir
Ötən həftə dünya futbolunda o qədər yaddaqqalan hadisələr baş verdi ki, günlərin necə keçdiyini bəzilərimiz hiss etmədik. Həmin günlərdə həm sevindik, həm heyrətləndik, bir az da məyus olduq. Bizi sevindirən əcnəbi komandalar oldu. Hansı ki, azarkeşlik edirik, heyətindəki futbolçuların gözəl oyunundan zövq alırıq. Heyrətləndik...Türkiyə millisinin səfərdə dünya çempionatının iştirakçısı olan, heyətində güclü futbolçuların yer aldığı İsveç millisinə qarşı matçda sona qədər mübarizə aparıb, qazandığı qələbədən heyrətimizi gizlətmədik. Məyusluğumuzu isə Xorvatiya millisinin ayağına yazaq. 

Dünya çempionatında gözəl oyun nümayiş etdirib, yalnız finalda uduzan Xorvatiyanın İspaniya millisi qarşısında acizliyinə məyus olduq. Necə oldu ki, "könüllərin çempionu” olan bir milli komanda milyonların qarşısında 6 top buraxıb, azarkeşlərini məyus etdi? Bütün bunlar ötəri hisslərdir. İsveç istənilən vaxt Türkiyədən həmin məğlubiyyətin əvəzini çıxa da bilər. Yəqin ki, Xorvatiya məqamı düşəndə İspaniyanın bu amansızlığına cavab verəcək. Lakin bu yazımızın mövzusu deyil, sadəcə girişidir. Mövzu isə ölkə futbolu və milli komandalardır.


Kosovada 12,
Azərbaycanda 8..
Bir müddət əvvəl Millətlər Liqasında reqlamenti elə seçdilər ki, hər komanda özünə layiq bir rəqiblə mübarizə aparsın. Zəif yığmalar təsadüfdən "nəhənglər”lə dueldə biabırçı nəticələrlə yadda qalmasın. Bu, bir qədər yaxşı haldır. Əgər İspaniya komandası Azərbaycan komandasına 6 top vurursa, bu, təbii haldır. İspaniya futbolu ilə Azərbaycan futbolu arasında təbii ki, böyük fərq var. Bu başa düşüləndir. Biz istəsək də, istəməsək də bu, belə olmalıdır. Bəs Kosova ilə oyunda qol vura bilməyən komandanı necə başa düşək? Əhalisi 2 milyona çatmayan, ərazisi hələ dəqiqləşməyən bir ölkənin yığma komandasına qol vura bilməmək, heç-heçəyə sevinmək nə qədər qəbulediləndir? Azərbaycan futbolu doğrudanmı Kosova futbolundan geri qalır. Doğrudur, bizim klubumuz ötən il UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edib, bu il isə Avropa Liqasında mübarizə edəcək. Əsas məsələ odur ki, Kosovanın ölkə çempionatında 12 komanda mübarizə aparır. Biz də isə 8 komanda çempionluq uğrunda yarışır. Fərq 4-ə bərabərdir. Buna da adi baxmaq olmaz.

Bu il keçirilən dünya çempionatı göstərdi ki, futbolda böyük işlər görən yığmalar elə zəhmətinə görə də nəticələr əldə edə bilir. İspaniyanın, Almaniyanın, Argentinanın, Braziliyanın müəmmalı çıxışlarını nəzərə almamaq şərtilə, digər yığmalar nəyə qadir olduqlarını sübut etdilər. Əksər komandalar isə göstərdilər ki, istənilən favorit komandalara qarşı oynamaq olar. Bir sözlə, hansı ölkə çempionatında gənc futbolçular yetişirsə, həmin ölkənin milli komandası beynəlxalq arenada yüksək nəticə ilə yadda qalır. Ölkə çempionatında vəziyyət necədirsə, həmin nəticə özünü milli komandada büruzə verir. Kosova futbolçuları barəsində bir faktı da qeyd edək ki, həmin ölkənin futbolu Zaqreb "Dinamo”su, "Verder”, "Herenven”, "Sürix”, "Genk”, "Şeffild” və digər bu kimi tanınmış klubların heyətində çıxış edir. Əsas fərq bax bundadır. Bizim milli komandamızın heyətində çıxış edən futbolçulardan 3-4-ü legioner kimi milliyə dəvət olunub. Astanada çıxış edən Riçard Almeydanı çıxmaq şərtilə, Pavel Paşayev "Aleksandriya”da (Ukrayna), Ramil Şeydaev "Krılya Sovetov”da (Rusiya), Dmitri Nazarov "Erzgebirge Aue”də (Almaniya, ikinci liqa) elə də uğurlu oyunları ilə yadda qalmırlar. Ölkə çempionatında çıxış edən bir-iki futbolçumuz da Avropanın ortabab klublarına transfer olunur, gedib ehtiyatda oturur, yenidən ya "Qarabağ”a, ya da "Neftçi”yə qayıdır.


Milli komanda da sanki bir ordudur

Futbol matçı sanki bir səhnəyə bənzəyir. Hamının diqqəti yığmada forma geyinən ilk 11-liyə yönəlir: kim startda yer alıb, kim kapitandır, kimin saç düzümü necədir, kim ölkə himnini oxuyur?! Bax, hər şey bəlkə də bundan başlayır. Himni hamı bilməli, ürəklə oxumalıdır. Bu, ürəkdən gəlməlidir. Milli komandanın uğuru üçün də bax o cür mübarizə aparmaq lazımdır. İtaliya, Rusiya, Türkiyə, İran, İslandiya kimi yığmaların futbolçuları matçdan əvvəl himn böyük şövqlə oxuyacaqlar. Himni oxumayan futbolçu milli komanda üçün sona qədər "can yandırmayacaq”dan danışmaq olar? Unutmaq olmaz ki, milli komanda da sanki bir ordudur. Əgər bizim vətənpərvər ordumuz varsa, onun qəhrəman əsgərləri varsa, onlar dövlət atributlarını canlarından əziz tutursa, futbolçularımız da niyə belə etməsin?!


Uşaq futbolu inkişaf
edirsə, millidə legionerə nə ehtiyac var?

Futbolda aşağı yaş üzrə milli komandalarımızın heyəti ilə tanış olmaq üçün federasiyanın rəsmi saytına daxil olduq. U-15, U-16, U-17, U-18 və U-19 üzrə milli komandamızın heyətində yerli futbolçuların adlarına rast gəldik. U-20-də Anton Krivotçuk, Ozan Can Kokcunun adları diqqətimizi çəkdi. Həmin futbolçulardan Anton "Neftçi”də, Ozan isə "Girəsun”da çıxış edir (Məlumatların nə vaxt yeniləndiyi dəqiq deyil - A.Ə.) U-21-in heyətində çıxış edən futbolçular arasında isə əcnəbi adlar daha çox idi. Belə ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığma komandada Taşkın Sərtan, Barış Ekinciyer, yenə Ozan Can Kokcu Anton Krivotçuk yer almışdı. Bunu araşdırmaqla biz demirik ki, milli komandalarımızın heyətində əcnəbi futbolçular oynamasın. Əgər milli komandaya cəlb olunan legioner yerli futbolçudan üstün deyilsə, onda niyə, elə onun səviyyəsində olan yerli futbolçu oynamasın? Tanınmış klubda oynayırsa, öz ölkəsində milliyə layiq deyilsə, onu gətirib milliləşdirmək nə qədər doğrudur?!
Gəlin, U-21 millimizin bu mövsümdə çıxış etdiyi oyunlarda rəqib qapısından keçirdiyi qollara və həmin topların müəlliflərinə nəzər salaq. İlk oyunda yığmamız səfərdə İsrailin qonağı olub. Həmin qarşılaşmada yığmamız rəqibə 1:3 hesabı ilə uduzub. Görüşdə yeganə qolu Elnur Cəfərov vurub. İkinci turda doğma azarkeşlər önündə çıxış edən millimiz irlandiyalı rəqiblərinə eyni hesabla uduzub. Görüşdə yeganə qolu Mahir Mədətov vurub. Üçüncü turda millimiz Almaniyada böyük hesablı məğlubiyyətə uğrayıb. Bu oyunda 6 qol buraxan gənc komandamızın heyətində cəmi iki futbolçumuz fərqlənib. Anton Krivotçuk öz qapımıza, İlyas Səfərov isə rəqib qapısına yol tapıb. Almaniya ilə Bakıda keçirilən təkrar qarşılaşmada isə qonaqlar evdə vurulan sayda (7 top) qolla növbəti üç xalı əldə ediblər. Əsas yığma komandaya gedən yolda gənclərimiz "Dalğa Arena”da məğlubiyyət fırtınası qarşısında aciz qalıblar. Halbuki heyətdə Serdar Taşkın, Mustafa Özhitay və Serkan Baloğlu kimi legionerlər də çıxış etmişdilər. Növbəti görüşdə elə etimad göstərilən həmin futbolçulardan ibarət komandamız Bakıda Kosova ilə görüşü qolsuz bərabərliklə başa vurmuşdular. Yeri gəlmişkən, qeyd edək ki, bütün bu nəticələr Yaşar Vahabzadənin, Samir Ələkbərovun baş məşqçisi olduğu vaxtda qeyd alınmışdı. Bu, Azərbaycan futbolunda öz sözünü demiş, lakin məşqçi kimi elə bir uğur qazanmayan Samir Ələkbərovun karyerasının son akkordları oldu. Həmin yığma ilə qarşılaşmada Samir Ələkbərovu Rəşad Sadıqov əvəz etdi. Onsuz da "Qarabağ”ın heyətində işi çox olan Rəşadın baş məşqçi kimi debütü uğursuz oldu. Kosovalılar Mitroviçada azsaylı azarkeşləri önündə 3 xal əldə etdilər - 2:0.
Bu matçdan sonra millimiz doğma azarkeşlər qarşısında İsrail millisi ilə üz-üzə gəlmişdilər. Qarşılaşmanın birinci dəqiqəsində Renat Dadaşov komandamızı irəli çıxarmışdı. Amma bu sevinc cəmi yarım saat çəkmişdi. Rəqiblər oyunun müqəddəratını həll edən qolla, Bakıdan bir xalla geri qayıtmışdı. Halbuki komandamız oyunun son dəqiqələrində vurulan qolla qələbə qazana bilərdi. Dublində keçirilən İrlandiya ilə matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda görüşün 99-cu dəqiqəsində qol buraxmışdı. Heyətdə yer alan futbolçular rəqibin qələbəsinə mane ola bilməmişdi. Nəhayət, U-21 millimizin keçirdiyi son görüşə nəzər salaq. Həmin görüşdə komandamızın oyun səviyyəsi özünü göstərdi. Futbolçuların qeyri-dəqiq ötürmələri, rəqiblə dueldə sona qədər mübarizəsi açıq-aşkar görünürdü. Norveçlilərin vurduqları 3 topa cəmi bir qolla cavab verə bildik. Maraqlıdır ki, həmin qolu nəhayət ki, heyətdə yer alan legionerlərimizdən biri - "Bohum”da çıxış edən Barış Ekinciyer vurdu. Turnirdə millimizin cəmi bir oyunu qalıb. Onu da yığmamız bu dəfə Norveçdə keçirəcək. Əsas məsələ odur ki, bir mövsümdə 3 baş məşqçi dəyişən millimiz 2 xalla 5-ci qrupun autsayderidir. Bunun günahı futbolçulardadır, yoxsa baş məşqçilərdə, bax onu demək çətindir. Bir məsələ aydındır ki, bizdə gənclər komandası çox zəifdir. Onlar bir neçə ildən sonra əsas yığma komandaya namizəd olacaqlar. Əgər bu gün gənclərdən ibarət komandamız məğlubiyyətə vərdiş edirsə, gələcək qələbələrə ümid azalır. Bəs hanı futbol akademiyasının yetirmələri? Ölkə klublarının aşağı yaş qruplarındakı futbolçuların hamısı zəif deyil axı. Seleksiyaçılar hara baxırlar?


"Cırtdanın div gücü”

Futbolu həyat tərzinə çevirən və Azərbaycan futbolu üçün narahat olan azarkeşlərin əksəriyyəti Millətlər liqasının ikinci turunda belə sual verirdilər: "Malta nə komandadır ki, biz onda üç xal almayaq, yaxud Maltaya da məğlub oluruqsa, onda biz hansı komandaya qalib gələcəyik?” Gözəl və məntiqli suallardır. Amma məsələ bunda deyil. Elə bu məqsədlə”cırtdan” ölkə haqqında geniş bir arayış vermək yerinə düşər.
1964-cü ildə müstəqillik əldə edən Malta nəinki Avropada, bütün dünyada ən kiçik ölkələrdən biri sayılır. Ərazisinə görə dünyanın 185-ci ölkəsi olan bu "cırtdan” dövlətin sərhədləri 316 kvadratmetrdir. Əhalisi 500 min nəfərdən az olan Maltanın ərazisi 10 adadan ibarət arxipelaqı özündə birləşdirir. Malta dünyada daha çox turizm ölkəsi kimi tanınır.
Bir qədər də Malta futbolu haqqında məlumat verək. 1900-cü ildə əsası qoyulan Malta futbol federasiyası 1959-cu ildə FİFA-nın, 1960-cı ildə isə UEFA-nın üzvü olub. Hazırda Maltanın əsas liqasında 14 klub çıxış edir. Çempionatın əvəzedici klublarının sayı da 14-ə çatır. Premyer liqa, birinci və ikinci liqa üzrə 103-cü mövsum keçirilir. Ölkənin ən titullu klubu olan "Valetta” 22 qat Malta çempionudur. FİFA reytinqində 185-ci pillədə olan Malta tarixində ilk dəfə Lixtenşteyni 7:1 (26 mart 2008) hesabı ilə məğlub edib. Ən böyük məğlubiyyətə isə 21 dekabr 1983-cü ildə İspaniya komandasına qarşı görüşdə uğrayıb - 12:1.
Millətlər liqasında "Ta Qali” stadionunda keçirilən görüşdə millimizin böyükhesablı qələbəsinə böyük ümid bəsləyirdik. Lakin hesabı ilk olaraq qonaqlar açdılar. Millinin heyətində elə də uğurlu çıxış etməyən Bədavi Hüseynov stadiona toplaşan maltalılara sevinc bəxş etdi. Onun səhvindən sonra Kamran Ağayevin qoruduğu qapıya onbirmetrlik cərimə zərbəsi təyin olundu. Ev sahibləri bu imkandan yararlandılar. Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız hesabı elə ilk hissədə bərabərləşdirdi. Təmkin Xəlilzadə qonaqların qapısına yol tapdı. Bundan sonra futbolçularımızın təşəbbüsü ələ alacağı gözlənilsə də, maltalılar buna imkan vermədilər. Hücum xəttində pərakəndəlik, qonaqların bir xal üçün topu oyuna gec daxil etmələri işin xeyrinə oldu. Maltalılar 1 xalı əldə etdilər. Millimiz isə 2 xalı səfərdə itirib, evə heç-heçə ilə döndü. Komandamızın oyununda pərakəndəlik hələ də hökm sürməkdədir. Bunun sirli açıqlaması hələ də maraqlıdır. Millətlər liqasında bu cür rəqiblərə öz yerini göstərə bilmirik. Artıq iki oyun və iki xal. Futbolçularımız oktyabrın 10-da Farer adalarına səfər edəcəklər. Həmin oyunda komandamızdan qələbə gözləyirik. Çünki bu yığma üçrəngli bayrağımız altında müstəqil Azərbaycanı təmsil edir. Bu ad uğrunda hər bir maneəni dəf etməyə dəyər.


Anar Əhmədov