“Zenit” BTİCİB-nin yetirməsi də olimpiadada medala iddialı idmançılardandır

“Zenit” BTİCİB-nin yetirməsi də olimpiadada medala iddialı idmançılardandır


Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin ev sahibliyi edəcəyi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına az vaxt qalır. Yarışlar oktyabrın 6-dan 18-nə kimi davam edəcək. Oyunlarda dünyanın ən güclü yeniyetmə idmançıları 32 idman növündə qüvvələrini sınayacaqlar. Buenos-Ayres-2018-də Azərbaycanı 9 idman növündə 17 idmançımız təmsil edəcək. Məlumat üçün bildirək ki, atletlərimiz Cənubi Amerikada boks, atletika, stolüstü tennis, taekvondo, cüdo, güləş, gimnastika, ağırlıqqaldırma və üzgüçülük yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. Lisenziya qazanan idmançılardan biri də "Zenit" BTİCİB-nin təmsilçisi Turan Bayramovdur. "Olimpiya dünyası” qəzeti və "olimpnews.az" saytı lisenziya qazanan idmançı və onun məşqçilərinin mötəbər yarışla bağlı fikirlərini öyrənib.

Turan Bayramov: "Komandanın, məşqçilərimin mənə olan etimadını doğrultmağa çalışacağam”
- 2001-ci ildə Gəncədə anadan olmuşam. Əvvəlcə, buradakı 8 saylı, sonra isə 23 saylı orta məktəbdə oxumuşam. Uşaq vaxtı tez-tez xəstələndiyimdən valideynlərim məni idmana yazdırıblar. 23 saylı məktəbdə tanınmış güləş mütəxəssisi, "Şöhrət” ordenli, Əməkdar məşqçi Elçin Zeynalov bizə idmandan dərs deyirdi. Elçin müəllim məni indiki şəxsi məşqçim Abil İbrahimova tapşırdı. Bundan sonra mən güləşlə peşəkar şəkildə məşğul olmağa başladım. Bir sözlə, bu iki insanın mənim idmana gəlməyimdə böyük rolu, əməyi var. Düşünürəm ki, Abil müəllim olmasaydı, bugünkü uğurlarımı qazana bilməzdim.
Bu il mənim üçün çox uğurlu illərdən biridir. Respublika birinciliyinin qalibi olduqdan sonra Avropa çempionatından əvvəl Türkiyədə keçirilən beynəlxalq turnirdə qüvvəmi sınadım. Həmin yarışda qızıl medal qazandım. Türkiyədən qayıtdıqdan sonra Xaçmazda və Bakıda yığmanın təlim-məşq toplanışında iştirak etdim. Təlim-məşq toplanışlarının müsbət nəticəsi özünü Avropa çempionatında göstərdi. Bu yarışdan cəmi bir ay sonra məni dünya çempionatı kimi mötəbər yarış gözləyirdi. Yaxşı hazırlaşdığım və formada olduğum üçün dünya çempionatını da uğurla başa vuraraq Bakıya qızıl medalla qayıtdım. Hazırda Bakıda təlim-məşq toplanışları davam edir. Yığmada şəxsi məşqçim Abil İbrahimovun, üzv olduğum "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində (BTİCİB) isə Cavid Qurbanzadənin rəhbərliyi altında gərgin məşq edirəm. Milli Olimpiya Komitəsinin üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Fazil Hadıbəyovun rəhbərlik etdiyi "Zenit” İC-nin üzvüyəm. Bura gələn gündən kollektiv və rəhbərlik tərəfindən maddi və mənəvi dəstək, kömək görmüşəm. Cəmiyyətdə mənim üçün yaradılan şəraitdən çox razıyam.
Olimpidada rəqiblərim İran və ABŞ güləşçiləridir. İran idmançısına Avropa çempionatında 8:0, ABŞ idmançısına isə dünya çempionatında 10:0 hesabı ilə qalib gəlmişəm. Bu il həm dünya, həm də Avropa çempionu adına layiq görülmüşəm. Öz gücümə inanıram. Fiziki, taktiki və psixoloji hazırlığı nəzərə alaraq, Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarından da vətənə qızıl medalla qayıdacağıma inamım böyükdür. Komandanın, məşqçilərimin mənə olan etimadını doğrultmağa çalışacağam.

Abil İbrahimov: "Yetirmələrimin arasında Turan Bayramova ümidlərim böyükdür”
- 1981-ci ildə Gəncədə anadan olmuşam. Sərbəst güləş üzrə üç dəfə yeniyetmələr, bir dəfə isə gənclər arasında dünya çempionu adına layiq görülmüşəm. Ailə vəziyyəti ilə əlaqədar Qazaxıstana köçməsəydim, bu uğurların sayı bəlkə də, daha çox ola bilərdi. Bir müddət sonra vətənə qayıdaraq idman karyeramı davam etdirdim. Sidney-2000 Olimpiadasının iştirakçısı, dünya kubokunun, bir sıra beynəlxalq turnirlərin qalibiyəm.
Məşqçiliyə həvəsi məndə müəllimim Elçin Zeynalov oyadıb. Onun idmançılara diqqət və qayğıkeşliyi məni bu peşəyə həvəsləndirib. Məşqçi işləmək böyük məsuliyyətdir. Sən həm idmançının, həm komandanın, həm də valideynlərin qarşısında özünü borclu hesab edirsən. Əziyyətin bəhrə verəndə sevinir, verməyəndə isə məyus olursan. Mən məşqçini idmançının bələdçisi kimi görürəm. Həmin bələdçi idmançını düz yolla aparanda uğur, səhv yolla aparanda isə müvəffəqiyyətsizlik meydana çıxır. 2011-ci ildən yeniyetmələrə sərbəst güləşin sirlərini öyrədirəm.
Buenos-Ayres Olimpiadasına çox ciddi hazırlaşmışıq və artıq hazırlıqlar yekunlaşmaq üzrədir. İdmançılar üçün yüksək səviyyədə şəraitin yaradıldığı Olimpiya Güləş Mərkəzində son məşqlər gedir. Yetirmələrimin arasında Turan Bayramova ümidlərim böyükdür. O, çox məsuliyyətli idmançıdır və onun gələcəkdə daha çox uğurlar qazanacağına inanıram. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında isə ondan ancaq qızıl medal gözləyirəm.

Cavid Qurbanzadə: "Cəmiyyətimizdə perspektivli idmançıları çoxdur”
- 2000-ci ildən sərbəst güləşdəyəm. Əvvəl idmançı, sonra məşqçi kimi bu cəmiyyət üçün çalışmışam. Məşqçi olmaq insandan böyük məsuliyyət və hədsiz zəhmətsevərlik tələb edir. Məşqçi yetirməsi üçün həm müəllim, həm ata, həm də dost olmağı, ona düzgün istiqamət verməyi bacarmalıdır. Yaş səviyyəsindən asılı olaraq uşaq, yeniyetmə və gənclərlə işləmək məşqçidən müəyyən və fərqli yanaşma tələb edir. Məşqçi işlədiyim "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində perspektivli idmançılar çoxdur. Burada Əfqan Xaşalov, Elvin Dünyamalıyev, Əlihəsən Əmirli, Turan Bayramov kimi güclü güləşçilər məşğul olurlar.
Təbii ki, bütün idmançılar çempion ola bilmirlər. Burada anadangəlmə istedad, iradə, xarakter, çalışqanlıq çox mühüm rol oynayır. İdmançı var ki, güclü potensialı var, amma iradəsi zəifdir. Turan Bayramov da perspektivli idmançılarımızdandır. O, bu ilin oktyabrında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İnanıram ki, bu il dünya və Avropa çempionu adını alan Turan Bayramov vətənə Olimpiya çempionu kimi qayıdacaq.