“Atasport”u çətin sınaq gözləyir

“Atasport”u çətin sınaq gözləyir


Qəzetimizin ötən saylarında xəbər verdiyimiz kimi, Azrbaycanın kişilərdən ibarət "Atasport” otüstü hokkey komandası Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Çellenc-I” yarışlarında uğurla çıxış edib. Komandamız bu turnirin qalibi olub. Yarışla bağlı ətraflı məlumat almaq üçün "Atasport”un məşqçisi, əməkdar məşqçi Saleh Hüseynovla əlaqə saxladıq.
- Praqada əldə etdiyiniz qələbə münasibəti ilə sizi təbrik edirik. Yarışlar necə keçdi?
- "Çellenc-I” turniri may ayının 17-20-də oldu. "Atasport” B qrupunda yarışırdı. Biz öz qrupumuzda Uelsin "Wiçuruç”, Cəbəllütariqin "Eaqls”, Çexiyanın "TJ Plzen Litice” qarşılaşdıq. Digər qrupda isə İsveçrənin "Servette”, Çexiyanın "Slavia Praqa”, Belarusun "Minsk” və Slovakiyanın "Lipovci” klubları yer almışdılar. İlk oyunumuzu "Eaqls” klubuna qarşı keçirdik və 3:2 hesabı ilə qalib gəldik. Növbəti qarşılaşmada rəqibimiz çexiyalılar oldu. Onların qapısından yeddi top keçirdik, öz qapımızdan isə cəmi birini buraxdıq. Üçüncü görüşümüzdə "Wiçuruç” komandası ilə heç-heçə oynadıq - 2:2. Beləliklə, qrup mərhələsində rəqib qapılarına 12 top vurduq və finala yüksəldik. Yarışlar çarpaz üsulla keçirildiyi üçün biz finalda A qrupunun ikincisi olan "Slavia Praqa” ilə qarşılaşdıq. Bu qarşılaşma bir qədər gərgin keçsə də, 7:3 hesabı ilə qalib gəlməyi bacardıq.


- Hokkeyçilərinizin qələbəsinə inanırdınız?
- Əlbəttə. Turnirdə mübarizə aparanların hamısı güclü komandalar idi. Bununla belə, yetirmələrim inamlı oynayaraq qalib gəldilər. Birinci oyunda əldə etdiyimiz qələbə bizi daha da ruhlandırdı. Hiss edirdim ki, qrupumuzun lideri olacağıq. "Atasport” gələn il daha nüfuzlu "Troffi” yarışlarında iştirak edəcək. Bu turnir güclülərin yer aldığı bir turnirdir. Mübarizə heç də asan olmayacaq. Biz bu yarışa çox ciddi hazırlaşmalıyıq. Yetirmələrimi "Çellenc-I” yarışlarında əldə olunan qələbə münasibəti ilə təbrik edir, onlara "Troffi” yarışlarında uğurlar arzulayıram.

- Saleh müəllim, "Atasport” klubunun üzvlərinin əksəriyyəti milli komandanın heyətində yer alıb. İstərdik ki, baş məşqçisi olduğunuz yığmamızın oyunları barədə də məlumat verəsiniz.
- Yetirmələrimizin millidə yer alması onların gücündən, bacarığından xəbər verir. Hokkeyçilərimiz həm klublarında, həm də millidə ümidlərimizi doğruldurlar. Qeyd edim ki, avqustun 5-11-də otüstü hokkey üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan yığması öz qrupunda Fransa, Şotlandiya və Uelslə qarşılaşacaq. Ümid edirəm ki, qitə çempionatında mükafatçılar sırasında yer alacağıq.
Hürrü Abdullayev