“Hər ötən gün həyəcanımız daha da artır”

“Hər ötən gün həyəcanımız daha da artır”

Vüsalə Kərimova (Buenos-Ayres-2018-də ölkəmizi cüdo idman növündə təmsil edəcək idmançımız):
- Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı hər şey qaydasındadır. Bu yaxınlarda Sumqayıtda təşkil olunan təlim-məşq toplanışında iştirak etdik. Demək olar ki, yarışa bir həftə vaxt qalıb. Hər ötən gün həyəcanımız daha da artır. Ancaq çalışırıq ki, bunu dəf edək. Məşqçilərimizin köməkliyi ilə həm fiziki, həm də texniki-taktiki hazırlığımızı artırmağa çalışırıq. Əlbəttə, psixoloji hazırlığı da unutmaq olmaz. İdmançı nə qədər texnikalı olsa da, psixoloji durumu yerində olmasa, heç bir fəndi tətbiq edə bilməz. Lakin düşünürəm ki, belə möhtəşəm və çətin yarışlarda öz gücünü sınayan bütün idmançıların psixoloji durumu qaydasında olur, onlar sadəcə texnikalarına və iradələrinə görə bir-birlərindən üstün olurlar. Həmin idmançılar özlərinə inandıqları üçün Olimpiya Oyunlarında mübarizə aparırlar. Bu mənada deyə bilərəm ki, mənim də psixoloji hazırlığım yaxşıdır. Ümid edirəm ki, Vətənə medalla qayıda biləcəyəm. Məşqçilərim də mənə inanırlar. Bu isə mənə əlavə stimul verir.