Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub

Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub







Oktyabrın 6-7-də Bakıda aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi keçirildi. 

"Olimpnews.az"ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil edilən yarışlarda "Ocaq Sport” və "AyUlduz” klubunun təmsilçiləri, o cümlədən xarici ölkələrdən gələn gimnastlarla birlikdə 200-ə yaxın gimnast qüvvəsini sınadı.

7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında çıxış edən gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə final yarışlarında öz bacarıqlarını nümayiş etdirdilər. Azərbaycan gimnastları gərgin rəqabət şəraitində keçən turnirdə fəxri kürsünü qonşu dövlətlərin təmsilçiləri ilə bölüşdülər. Mükafatçılar sırasında üstünlüyü məhz elə yarışda ən böyük heyətlə iştirak edən Rusiya komandası əldə etdi.

Rusiyalı gimnastlar turnirdə böyük heyətlə iştirak edirdilər

7-8 yaşlı kişi gimnastların fərdi yarışlarında Rusiya təmsilçisi Yeqor Kabluçi 14.950 xalla birinci yeri tutdu. Azərbaycan gimnastları Mahmud Rüstəmli (14.300 xal) gümüş, Fərid Cafarov (13.500 xal) bürünc medal qazandı.
Həmin yaş kateqoriyasında qadın gimnastların yarışlarında Bolqarıstan təmsilçiləri qızıl və gümüş medala layiq görüldülər. Stefani Leçeva (16.900 xal) və Neda Zapryanova (16.900 xal) hakimlərdən eyni xal aldılar. Bürünc medal ukraynalı gimnast Anastasiya Çuhuryuka (16.600 xal) qismət oldu.
Bu yaş qrupunda cütlüklərin yarışlarında qızıl medala Ukrayna 1 (15.300 xal) komandası layiq görüldü. Rusiya 1 komandası (14.850 xal) 2-ci oldu. Üçlüyü isə Azərbaycan 2 (14.500 xal) kollektivi tamamladı.
Üçlüklərin mübarizəsində isə birinciliyi Bolqariya (15.750 xal) kollektivi qazandı. Digər mükafatalayiq yerləri müvafiq olaraq Ukrayna (15.750 xal) və Rusiya 3 (15.200 xal) komandaları tutdular.
7-8 yaşlı gimnastların qrup yarışlarında Rusiya 2 komandası 15.750 xalla birinci yerə layiq görüldü. İkinci yeri Qazaxıstan 1 komandası (15.200 xal), üçüncü yeri Rusiya 1 kollektivi (14.600) tutdu.
Azərbaycanın üç komandası qrup yarışlarını müvafiq olaraq 4-cü, 5-ci və 6-cı pillədə başa vurdular.
9-11 yaş kateqoriyasında qızların fərdi yarışlarında birincilik Bolqarıstan təmsilçisi Kristina Kostovaya nəsib oldu. Gimnast bütün rəqiblərini qabaqlayaraq hakimlərdən 17.100 xal aldı. 2-ci və 3-cü yerlərə müvafiq olaraq ukraynalı idmançı Nikol Şeinko (16.900 xal) və rusiyalı təmsilçi İrina Tixomirova (16.650 xal) layiq görüldülər.
Azərbaycan idmançıları Fidan İbrahimova (16.550 xal) 9-11 yaş kateqoriyasında 6-cı nəticə göstərdi. Aydan Şirinli (16.350 xal) isə 8-ci yerdə qərarlaşdı.
Həmin yaş qrupu üzrə oğlanların mübarizəsində isə ən güclü gimnast adını Semyon Tokarev qazandı. Rusiyalı idmançı yaxşı çıxış edərək hakimlərdən 16.850 xal ala bildi. II və III yerləri idmançılar Lev Entin (Rusiya, 16.300 xal) və David Maçkeviia (Ukrayna, 16.100 xal) tutdu.
12-14 yaş kateqoriyası üzrə kişilərin fərdi yarışlarında yenə də Rusiya təmsilçiləri fərqləndilər. Mükafatalayiq yerləri tutan qonşu ölkənin idmançılarından Yeqor Tereşin 18.150 xalla bütün rəqiblərindən üstün oldu. Nikita Nikabaev (17.850 xal) və Maksim Kaqarmanov (17.450 xal) isə II və III yerləri bölüşdürdülər.

Kişi gimnastlarımız uğurlu çıxış nümayiş etdirdilər

Həmin yaş kareqoriyasında qadınların fərdi yarışlarında Rusiya gimnastı Angelina Starkina 18.650 xalla qızıl medala layiq görüldü. İkinci yer də rusiyalı idmançıya nəsib oldu. Polina Surikova çıxışına görə hakimlərdən 18.400 xal aldı. Bürünc medalı Ukrayna təmsilçisi Kristina Yurkovskaya (18.250 xal) götürdü.
Yeniyetmə qadınların fərdi final yarışlarının nəticələrinə görə qızıl medalı Anastasiya Dmitriyeva qazandı. Rusiya gimnastı çıxışına görə hakimlərdən ən yüksək -19.450 xal aldı. Gümüş medala rusiyalı idmançı Anna Qalkina (18.900 xal) sahib oldu. Bolqarıstan təmsilçisi Qabriela Rusinova (18.600 xal) isə bürünc medalı boynuna taxdı.
Kişilər arasında gənclərin fərdi yarışlarında Azərbaycan gimnastları uğurla çıxış etdilər. Təmsilçilərimiz Vladimir Dolmatov (20.400 xal) gümüş, Elçin Məmmədov (20.000 xal) bürünc medala layiq görüldü. İmran İmranov (19.300 xal) isə 4-cü nəticə göstərdi. Bu yarışlarda qızıl medala növbəti Rusiya idmançısı Roman Semenov (21.350 xal) sahib oldu.
Qadınlar arasında qadınların fərdi yarışlarında ən güclü gimnast adına 20.550 xalla Ukrayna təmsilçisi Anastasiya İsaienko layiq görüldü. Gümüş və bürünc medalları isə Rusiya təmsilçiləri Tatyana Konakova (20.200 xal) və Mariya Tereşina (20.150 xal) qazandılar.




Səadət Hakıyeva